Hədislərə əsasən Allah-Taalaya (c.c) şükür etmək hansı BEŞ əməllə mümknüdür?!

Deyerler.org: İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Nemətə şükür – günahdan çəkinməkdir”.

İmam Əli (ə) buyurur: “Pərvərdigarının şükrü budur ki, daima mədh edəsən, sənin üzərində əli olan kəsin şükrü odur ki, ona sadiq olasan, səninlə bərabər olan kəsin şükrü odur ki, qardaşlıq mərtəbəsini düzgün yerinə yetirəsən, əlinin altında olanların şükrü odur ki, onlara hədiyyə verməyi əsirgəməyəsən”. (Tebyan)

Şükür etməyin növləri vardır:

1. Qəlb şükrü, yəni, nemət haqqında düşünmək.

2. Dil şükrü, yəni nemət verənə təşəkkür etmək.

3. Bütün bədən üzvlərinin şükrü, yəni bütün bədən üzvləri öz vəzifələrinə əməl etsinlər.

Qurani-Kərim buyurur: “«Ey Davud ailəsi, (bu nemətlərə) şükür edin və Mənim bəndələrimdən şükür edən azdır»”. (“Səba” 13).

Şükür əməldə özünü göstərməlidir və bəlkə elə ona görə Quran buyurur ki, şükür edən bəndələr azdırlar. Allahın nemətləri insanı hər tərəfdən əhatə etmişdir. O qədər çoxdur ki, saymaqla bitməz. İnsan əgər həmişə şükür halında olmaq istəyirsə, gərək daima Allahı xatırlasın. Heç bir günah işlətməsin və əmrindən çıxmasın. Çox təəssüf ki, bu işi çox az insan görə bilir.

Bəs əgər yuxarıda deyilənləri bacarmırıqsa, ən azı şükrü əməldə necə göstərə bilərik?


1. Şükür səcdəsi, şükür namazı, ehsan vermək - əməldə edilən şükürlərə aiddir. Nəql edilir ki, Peyğəmbər (s) nə zaman sevinsə və ya nigaran olsa idi, şükür səcdəsinə gedərmiş.

2. Düşmənə qalib gələndən sonra güzəşt etməyi bacarmaq. Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, düşmənə qalib gəldin, əfv etməyi bu qələbənin şükrü qərar ver”.

3. Malının bir hissəsini Allah yolunda infaq etmək. İmam Əli (ə) buyurur: “Nemətlərin ən yaxşı şükrü onu bağışlamaqdır”.

4. Allaha ibadət etmək də şükrün bir növüdür.

5. Elmini başqalarına öyrətmək və ona əməl etmək də həmin nemətin şükrüdür./Deyerler.

baxılma sayı: 199