İmam Əli (ə) böyük arif Rəcəbəli Xəyyatın həyat yoldaşını nəsihət etdi.

Böyük ariflərdən olan «Şeyx Rəcəbəli Xəyyat»-ın övladlarından biri deyir: Anam deyirdi ki, qəhətlik və aclıq illərində Həsən və Əli (mərhum Şeyxin böyük övladları idi ki, sonradan vəfat etmişdilər) evin damında od qalamışdılar. Onlardan nigaran qalıb oraya getdikdə gördüm ki, o iki uşaq tuluğun dərisini odda qızardıb yeyirlər. Bu səhnəni gördükdə çox kövrəldim, qəhərlənib ağlamağa başladım. Aşağı enib evdən bir qədər mis qab götürüb kiçik bazarda satdım və uşaqlar üçün bir qədər xörək hazırladım. Həmin gün qardaşım Qasımxan bizə gəlmişdi. O, mənim həddindən artıq narahat olduğumu görüb səbəbini soruşdu və mən də hadisəni olduğu kimi danışdım. Qasımxan bu hadisəni eşidib çox təəccüblə dedi: Nə danışırsan?! Şeyx Rəcəbəlini bazarda gördüm, camaata kabab qəbzi paylayırdı. (Yeməkxanalardan biri ilə əvvəlcədən razılığa gəlinir, müəyyən miqdarda xörək pulu ödəndikdən sonra həmin məbləğ dəyərində qəbz alınır, o qəbzlər adətən kasıbların arasında paylanır və onlar da gedib qəbzi göstərməklə ya oradaca xörək yeyir və ya alıb evə aparırlar.) Bu nə deməkdir, misal var deyiblər, evə lazım olan çırağı məscidə aparmaq haramdır. Bu kişi nə etmək istəyir? Düzdür ki, abid və zahid adamdır, lakin onun bu işləri düzgün deyil.

Bu sözləri eşitdikdə narahatçılığım daha da artdı. Gecə Şeyx evə gəldikdə onunla ciddi danışıb e᾽tirazımı bildirdim və narahat halda yatdım. Gecə yarısı birdən əyan oldu ki, məni çağırırlar. Diqqətlə qulaq asdım, bir daha səs gəldi: «Qalx ayağa!» Ayağa qalxdım. Gördüm ki, Əli əleyhissəlamdır. Özünü tanıtdırıb dedi: «O, camaatın uşaqlarını saxlayır, biz də sizin uşaqlarınızı! Hər vaxt uşaqların acından ölsə, onda danışarsan!» zuhuradogru.org

baxılma sayı: 359