İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti haqqında əhvalat

Süleyman Əəməş deyir: 
Kufədə evim var idi və orada Əhli-beyt (ə) yolunu qəbul etməyən bir qonşum var idi. Bəzi vaxtlar onunla oturub dini mövzularda söhbətləşirdik. Cümə axşamlarının birində ona dedim: - İmam Hüseyni (ə) ziyarət etmək barədə sənin əqidən nədir?


Dedi: - Bidətdir və hər bidət azğınlıqdır, azğınlıq edən hər bir kəs isə cəhənnəmdədir. 
Mən bərk qəzəblənib yerimdən qalxdım və evimə qayıtdım. Özlüyümdə fikirləşdim ki, səhər yenidən onun yanına gedərəm və Əmir əl-möminin Əlinin (ə) fəziləti barədə ona o qədər danışaram ki, qüssə və hüzündən gözlərindən yaş axar. Bu məqsədlə səhər onun evinə gedib qapını döydüm. Qapının arxasından onun evdə olmadığını və İmam Hüseyni (ə) ziyarət etmək üçün Kərbəlaya getdiyini dedilər. Bu xəbərdən heyrətə gəldim. Sürətlə Kərbəlaya tərəf yola düşdüm. Kərbəlaya çatdıqda gördüm ki, o şeyx başını səcdəyə qoyub. O, rüku və səcdə etməkdən yorulmurdu. Nəhayət, məni gördü.


Ona dedim: - Bəs sən İmam Hüseynin (ə) ziyarətini bidət, hər bidəti azğınlıq və hər azğını cəhənnəmdə bilirdin. İndi özün ziyarətə gəlmisən?!
Dedi: - Əhli-beytin (ə) haqq olduğunu başa düşmədiyim üçün məni məzəmmət etmə. Dünən axşam yuxuya getdim. Yuxuda bir kişini gördüm. Orta boylu bir kişi idi. Onun gözəlliyini vəsf edə bilmirəm. O, yol gedirdi. Hər tərəfdən camaat onu dövrəyə almışdı. Camaatın qarşısında ata minmiş bir kişi gedirdi. Onun atının quyruğunda bir neçə hörgü var idi. O kişinin başında bir tac var idi və tac hər tərəfdən parlaq cəvahirlərlə bəzədilmişdi. Cəvahirlərin hər biri qaranlıq gecədə üç günlük məsafəni işıqlandırırdı. Ətrafını camaat almış kişinin kim olmasını soruşdum. Dedilər: - O, sonuncu peyğəmbər Muhəmməd ibn Abdullahdır. Dedim: - Bəs, camaatın qarşısında gedən bu atlı kimdir? Dedilər: - Əli ibn Əbu Talibdir.
Sonra səmaya baxdım. Səmada nurdan bir naqə (dəvə) gördüm və onun üstündə bir kəcavə var idi. O kəcavənin kimə məxsus olduğunu soruşdum. Dedilər: - O kəcavə Xədicə və Fatimənindir. Sonra bir cavanı gördüm. Onun kim olmasını soruşdum. Dedilər: - Həsən ibn Əlidir. 


Sonra bu camaatın və kəcavənin hara getdiyini soruşdum. Dedilər: - Cümə axşamı olduğundan onlar zülm qılıncı ilə qətlə yetirilmiş şəhidlər sərvəri Hüseyn ibn Əlini ziyarət etmək üçün Kərbəlaya gedirlər. 
Birdən gördüm ki, kəcavədən vərəqlər tökülür. Onların hər birinin üzərinə yazılmışdı: “Cümə axşamı Hüseyni ziyarət edən hər kəs cəhənnəm odundan amandadır”. 


Bu vaxt bir səs gəldi. O nida edib deyirdi: “Bilin ki, biz və bizim şiələrimiz cənnətin ən uca dərəcələrində olacağıq”.
Ey Süleyman! Ruhum bədənimdən ayrılına qədər mən buranı (Kərbəlanı) tərk etməyəcəm.
Onun yuxusunun ardında belə deyilir: - Mən fəzadan yerə enən aman vərəqlərindən birini istədim. Dedilər: - Bu vərəqlərdən sən götürə bilməzsən. Çünki sən Hüseynin ziyarətini bidət sayırsan. Yalnız onu ziyarət etdiyin, fəzilət və şərafətinə inandığın surətdə o vərəqlərdən sənə verilər.
Qorxu içində yuxudan oyandım. Elə həmin an öz ağam Hüseyni ziyarət etməyi qərara aldım. 

“Biharul-ənvar”, c. 45, səh. 401.

baxılma sayı: 347