Nə vaxtsa qəlbimiz namazda iştirak edəcək, yoxsa yox?

Bəzən həqiqi namaz haqqında deyilənlər bizə əfsanə kimi görünür. Çox təəssüf! Elə düşünürük ki, bu sözlər kimlərinsə şairlik təbindən qaynaqlanır. Hansı ki, bütün bu fikirlər ayə və hədislərə əsaslanır. Qurani-kərim möminlərin vəsfində belə buyurur: “Onlara Quran oxunan zaman üzü üstə səcdəyə düşüb deyirlər: “Allahımız hər bir nöqsandan pakdır və Onun vədəsi hökmən yerinə yetəcəkdir.”

 

 Onlar üzü üstə düşüb ağlarlar və qorxuları artar”. (“İsra” surəsi, ayə: 107-108.) Bəli, həqiqi möminlər Quran oxunarkən qorxuya bürünərlər. Onları bu işə dəvət edən olmasa da, fitri istək üzündən belə hərəkət edərlər. Quran dinləyərkən ağlayan insanlarla rastlaşsaq da, üzü üstə səcdəyə qapananlara təsadüf etməmişik.

 

 Bu, biz müsəlmanların Quran ideallarından nə qədər uzaq olduğunu göstərir. Əgər qədim zamanlarda bu hadisə çox baş vermişsə də, dövrümüzün baş gicəlləndirən mühiti insanları Qurani-kərimdən çox uzaq salmışdır. İş o yerə çatıb ki, Quran dinləyərkən, namaz qılarkən ağlayan insanlara istehza edilir. Görən, Qurani-kərimin vəsf etdiyi bir halı bidət saymaq olarmı?

 

  Bəs din, dindar hansı yolla tanınmalıdır? “Hədid” surəsinin 16-cı ayəsində buyurulur: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar ki, onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir”. Bəli, Quran ayələrinin təsiri altında qəlbinin buzu əriyənlər az deyil. Nə üçün biz belə olmayaq? Donmuş vəziyyətdən qurtarmağın zamanı gəlib çatmayıbmı?!


Məşhur bir hadisəni bir daha xatırlayaq: Fuzeyl tanınmış və zalım bir quldur olmuşdur. Bir dəfə o, gecə yarı mömin bir şəxsin evinə soxulmaq istərkən ev sahibinin Quran oxuduğunu eşidir.

 

“Qəlblərin yumşalma vaxtı çatmayıbmı” ayəsi Fuzeylin qəlbini silkələyir. Ayədən təsirlənmiş quldur öz-özünə pıçıldayır: “Nə üçün çatmayıb, çatıb!” Bir ayənin təsiri ilə dövrün tanınmış qulduru həqiqi tövbə edib, tezliklə övliyalar cərgəsinə qoşulur!


Bəs bizim qəlblərimiz nə vaxt yumşalacaq? Bəs biz nə vaxt dediyimiz sözlərə qəlbən bağlanacağıq? Nə vaxtsa qəlbimiz namazda iştirak edəcək, yoxsa yox? Pərvərdigara, bu işdə bizə yardımçı ol!/nur-az

baxılma sayı: 165