İmamın (ə) bircə duası ilə Quran hafizi oldu

Əbu Umrə, Zazan adı ilə məşhur idi və o, İmam Əlinin (ə) xüsusi tərəfdaşlarından idi.


Səəd Xəfaf nəql edir: “Eşitdim ki, Zazan yanıqlı səslə Quran oxuyur. Ona dedim: “Sən Quran ayələrini çox gözəl tilavət edirsən. Kimdən öyrənmisən?”.


Gülümsədi və dedi: “Bir gün Əmirəl-möminin (ə) mənim yanımdan keçirdi. Mən şeir oxuyurdum və yaxşı səsim var idi. Həzrət (ə) mənim səsimdən təəccübləndi və buyurdu: “Ey Zazan, niyə Quran oxumursan?”.

Dedim: “Quranın qiraətini bilmirəm. Ancaq namazda qıldığım vaciblərdən başqa”. Həzrət (ə) mənə yaxınlaşdı və qulağıma bir şey dedi. Sonra buyurdu: “Ağzını aç”. Və sonra öz ağız suyundan mənim ağzıma sürtdü. Allaha and olsun ki, bir addım atmamış başa düşdüm ki, Quranı kamil şəkildə hifz etmişəm. Bundan sonra heç kimdən Quranı öyrənmədim”.

Səəd deyir: “Bu məsələni İmam Baqirə (ə) nəql etdim və o Həzrət (ə) buyurdu: “Zazan düz deyir. Çünki İmam Əli (ə) Zazan üçün Allahın Əzim adı ilə dua etmişdi. Bu cür dua rədd oluna bilməzdi”./Deyerler.

baxılma sayı: 340