Zülqərneyn və abidin əhvalatı

Şeyx Səduq “Əmali” kitabında Zülqərneyn haqqında maraqlı bir hədis gətirmişdir. Hədisdə deyilir:
Zülqərneyn böyük və əzəmətli ordu ilə bir məntəqədən keçirdi. Orada ibadətlə məşğul olan bir abidə rast gəldi. Abid onun əzəmətinə heç əhəmiyyət vermədən öz ibadətinə məşğul idi. Abidin ruhunun ucalığı Zülqərneyni heyrətə saldı. O, abidin yanına gedib dedi: - Necə oldu ki, sən mənim ordumun əzəmətindən qorxmadın və əhvalında heç bir dəyişiklik yaranmadı?


Abid dedi: - Elə bir kəslə münacata məşğul idim ki, onun sonsuz qüdrəti və ordusu vardır. Qorxdum ki, ondan üz döndərib sənin əzəmətinə əhəmiyyət versəm, məni inayətindən məhrum edər və duamı qəbul etməz.
Zülqərneyn dedi: - Mənim orduma qoşulsan, sənin bütün istəklərini yerinə yetirərəm.


Abid dedi: - Mən həmişə sənin yanında olmağa hazıram, bu şərtlə ki, dörd şeyi mənə zəmanət verəsən:

1. Sağlamlığım daim qalsın və heç vaxt xəstələnməyim.

2. Mənə verilmiş nemət həmişəlik qalsın və heç vaxt aradan getməsin.

3. Gücüm daimi olsun və qocalıq onda təsir qoymasın.

4. Həyatım daimi olsun və ölüm məni yaxalamasın.

Zülqərneyn bunları zəmanət verməyə gücünün olmadığını bildirib dedi: - Bütün bu işlərə qüdrəti olan varlıq hansıdır?
Abid dedi: - Onda mən bütün bu işlərin onun qüdrəti altında olduğu kəsdən ayrılıb, özüm kimi aciz və möhtac olan şəxsə söykənmərəm. Mən bütün bunlara qüdrəti olan Allaha tabeyəm.

Qaynaq: Şeyx Səduq, “Əmali”, səh. 170.
Hazırladı: Seyid Zahir

baxılma sayı: 339