Ətirləndirdiyi ad günahkarı necə xilas etdi!!

Nəql edilir ki, Bəşər Hafi adlı bir nəfər insan əvvəl şərabxor idi. Bir gün yol gedən zaman bir kağız tapır. Kağızın üstündə yazılmışdı: “Bismilləhir-Rahmənir-Rahim!”. Ətir alır və bu kağızı ətirləndirib, möhtərəm yerlərdən birinə qoyur. O dövrün böyük din alimlərindən biri yuxuda görür ki, ondan istəyirlər, Bəşərə desin ki: “Ətirləndirdiyin ada görə Biz də səni ətirləndirdik. Böyük hesab etdin, Biz də səni böyük etdik. Pakizə etdin, Biz də səni pakizə etdik. İzzətimə and olsun ki, adını dünya və axirətdə pakizə etdik”.

 

Həmin alim öz-özünə deyir ki, yəqin ki, səhv yuxu görübdür. Ayağa qalxır, dəstəmaz alır və namaz qılır. Sonra yenə yatır və bu yuxunu yenə görür. Üçüncü dəfə bu yuxunu təkrar görən zaman əmin olur ki, məsələ ciddidir. Səhər açılan kimi Bəşərin evinə gedir və onu çağırır. Deyirlər ki, filan məclisə gedibdir. Alim həmin məclisin qapısına qədər gedir və Bəşəri istəyir. Deyirlər ki, məşğuldur. Alim deyir ki, onu çağırın, sözüm var.

Bəşərə xəbər verirlər və o, soruşur ki, kimdəndir xəbər? Deyirlər ki, Allahdan. Bəşəri ağlamaq tutur, elə bilir ki, ona əzabdan xəbər gətiriblər. Ayağa qalxır və dostları ilə xudafizləşir. Onlara deyir: “Məni bundan sonra günah məclisində görməyəcəksiniz”.


Həmin alimin yanına gəlir və alim yuxuda gördüklərini ona danışır. Bəşər tövbə edir və Musa ibni Cəfərin (ə) vasitəsilə Allah yoluna qədəm basır. /Deyerler.

baxılma sayı: 159