Allah dərgahında məqamını bilmək istəyirsənmi?

İnsan fitrətən elə xəlq edilib ki, yaşadığı sürəcdə müəyyən varlıqlara meyllənir, müəyyən əşyalara maraq göstərir. İnsan sevgisi isə bu mənada xüsusi önəm daşıyır. O həyatı boyunca ətrafında olan insanlara, xüsusən də valideynlərinə, qohum-əqrəbasına, övladlarına, dostlarına xüsusi məhəbbət və diqqət göstərir. Amma bu məhəbbət bütün insanlarda qarşılıqlı olur. Bu mənada ki, insan məhəbbət bəslədiyi insan tərəfindən də sevilməsini arzu edir. Məsələn mümkün deyildir ki, insan atasına çox istəsin, amma atasının da onu sevməsini təmənna etməsin. Nəinki ata-ana, öğlad, hətta insan tanıdığı bir insanı nə həddə hörmətə layiq bilirsə, həmin insanın da ona o miqdarda hörmət və ehtiram etdiyini zənn edir. Bu zənn isə onu əksər vaxtlarda aldatmır. 


Bütün sevgilərin fövqündə duran Allah sevgisi də bu cürdür. Allah bəndəsi Allahı sevdikcə qəlbinin dərinliklərində Allah da onu sevdiyini anlayır, hətta insan arif olsa bu məhəbbətin miqdarını da müəyyən etməyə qadir olur. Əmirəl-möminin (ə) buyurur: "Sizdən kimsə məqam və hörmətinin Allah dərgahında hansı həddə olduğunu bilmək istəsə, gərək Allahın məqam və hörmətinin günah meydana çıxan zaman öz yanında hansı həddə olduğuna baxsın." ("əl-Xisal" cild 1, səh. 617)
Bu mübarək və hikmətli kəlam İmam Əlinin (ə) adından – məzmun cəhətindən- çox cüzi fərq başqa cür də nəql edilib. O buyuruşlarda "günah zamanı" (ərəbcəsi: indəz-zünub) ibarəsi keçməyib.


Mübarək hədisə nəzər salanda çox ibrətamiz məqamlarla qarşılaşırıq. Həqiqətən də İmam Əli (ə) insanın fitrətiylə bağlı bir məsələni gündəmə gətirir. O məsələ bundan ibarətdir ki, insan daim sevdiyi varlıq tərəfindən diqqət çəkmək, onun marağına səbəb olmaq istəyir. Adi həyatımızda çox görmüşük ki, aşiq öz məşuqunun diqqətini cəlb etmək, onun diqqət mərkəzində olmaq naminə çox cəhd edir. Həqiqi eşq olan, bütün eşqlərin fövqündə duran Allah eşqi də bəndə üçün bu cür olmalıdır. Bəndə aşiq ünvanı ilə öz məşuqu olan Allahın diqqətini çəkməyə səy göstərməlidir. Əlbəttə, "diqqət çəkməkdən" məqsəd Allahın hörmətini qazanıb Onun mübarək dərgahında ehtiram sahibi olmaqdır. İmam Əli (ə) bu işdən ötrü çox gözəl bir meyar və mizan təyin edib. Həzrət (ə) buyurur ki, hər kim Allahın dərgahındakı hörmət və izzətinin ölçüsünü bilmək istəyirsə, gərək Allaha nə qədər etina etdiyinə və əhəmiyyət verdiyinə baxsın. Bu yerdə hədisin ərəbcə mətnində keçən "indəz-zünub" (günahla üzləşən zaman) ibarəsi çox ibrətamizdir. Çünki günümüzdə bir çox insana rast gəlirik ki, Allahdan, dindən, peyğəmbərdən (s), Qurandan söz düşdükdə namaz qılıb-qılmamağından asılı olmayaraq Allahı çox sevdiyindən danışır, hətta danışığında hər şeyini Allaha fəda etməyə hazır olduğunu belə iqrar edir. Amma ariflər mövlası İmam Əli (ə) bu məqamda çox ciddi bir nöqtəyə toxunub, özünü Allaha həqiqi mənada aşiq və bəndə bilib bütün varlığını Allaha fəda edənləri qeyri-həqiqilərdən ayırır. Mübarək kəlamdakı "günah zamanı", yaxud "günahla üzləşdikdə" sözünün mənası budur ki, insan günahla üzbəüz qaldıqda Allahı nə dərəcədə düşünüb-düşünməməsi önəmli bir məsələdir. Görəsən o, dünya şirinlikləri, onu Allahdan uzaqlaşdıran günahlarla üz-üzə gəldikdə Allahı zahiri şirinliklərə, günahlara dəyişəcək, yoxsa günahları Allaha görə tərk edəcək. Görəsən o nəfsinə qalib gələcək, yoxsa nəfsi onu məğlub edəcək. 

 


İmamın (ə) mübarək qeydi bu gün də meyar olma nöqteyi-nəzərindən çox mühümdür. Ətrafımızda nə çox insan görürük ki, sözdə özlərini Allaha, Qurana, Peyğəmbərə (s) qurban verərlər, hamı onların Allahın ən əziz bəndələri olduqlarını düşünər. Bundna əlavə özlərini də Allah dərgahında ən əziz və hörmətli insanlar hesab edərlər. Amma növbə əmələ gəldikdə isə Allahın itaətindən və ibadətindən uzaq olduqları məlum olar. Onlar günahla üzləşdikləri zamanı günahı Allaha tərcih edərlər. Dünyanın müvəqqəti ləzzətlərinə uyar, Allahı unudar, amma bütün bunlara baxmayaraq özlərini Allah dərgahında təmiz qəlbli, sevimli bəndə hesab edərlər. Amma unudurlar ki, hər şey quru dillə deməklə bitsəydi o zaman insanlar arasında kimin Allah dərgahında daha çox hörmət sahibi olması biliməzdi. Çünki "Allaha qurban olum" deyən hər kəs eyni ifadəni işlətdiyi üçün özünü Allah dərgahında ən əziz bəndə hesab edərdi. Amma Allah-Təala mübarək Qurani-Kərimdə buyurur ki, Allah dərgahında insanların ən üstünü ən çox təqvalı olanlardır. 

 


Əlbəttə, İmamın (ə) işarə etdiyi "indəz-zünub" qeydi imtahana işarədir ki, bu məsələ də əqlin və məntiqin, sağlam fitrətin hökm etdiyi bir məsələdir. Bütün insanlar ixtiyari və qeyri-ixtiyari imtahan meydanına çox əhəmiyyət verir. Məsələn, vətən sevgisindən ağız dolusu danışan insan vətəni qorumaq növbəsi ona yetişdikdə vətən xidmətindən yayındıqda insanların qınağına tuş gəlir. Çünki o, indiyədək vətən eşqindən danışırdısa da imtahan meydana çıxanda onun nə həddə sözündə, iddiasında doğru olduğu məlum olur. Yaxud bir insan valideynlərini çox sevdiyini bir ömür iddia etmiş olsa belə valideynlərinə olan münasibəti pis olduğu təqdirdə insanların gözündən düşəcək və nifrətini qazanacaqdır. Bu mənada bütün insanlar imtahandadır. 


Odur ki, Həzrət İmamın (ə) mübarək kəlamındna ibrət almalı və özümüzü əməl meydanında. günahla, şeytanla, nəfslə üz-üzə gəldikdə sınamalıyıq. Bundan sonra öz hörmət və mənzilətimizin Allah dərgahındakı miqdarını anlaya bilərik.

 

baxılma sayı: 146