Namazda başa papaq ya araxçın qoymağın hökmü nədir?

Namaz əsnasında biz başımıza papaq, araxçın və ya əmmamə qoyuruq. Bu iş sünnət və müstəhəbdir, yoxsa adət-ənənədən irəli gələn əməldir?


İslaminSesi.info redaksiyaya, namazda papaq qoymaqla bağlı daxil olan sualı cavablandırır;
 
Sual belədir: Namazda başa papaq qoymağın hökmü nədir?
 
Cavab: Araşdırmalar onu göstərir ki, ümumiyyətlə başa papaq qoymaq bir ibadət məsələsi deyil, sırf adət-ənənə məsələsidir. İslam dinində namazda başa papaq qiymağın müstəhəb olması haqda bir göstəriş yoxdur. Amma namazda başa əmmamə qoymaq və təhtül-hənək etmək (əmmamənin bir ucunu uzadıb çənənin altında keçirib, çiyinə atmaq) haqda müstəhəb hökmü verilir. Bir sözlə demək olar ki  araxçın və sair papaqları namazda başa qoymaq haqda hədis yoxdur.
 
Bəzi müfəssirlər və alimlər bildirir ki, başa papağın qoyulması dəb olan bölgələrdə, yaxşı olar ki namaz zamanı da bu papaqlardan qoyulsun. Alimlər bu fətvada Quranın Əraf surəsinin 31-ci ayəsinə istinad edirlər:
 
“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”
 
Ayədən belə anlaşılır ki namaz zamanı insan ən gözəl paltarlarını geyinməlidir. Namaz qılan şəxsın yaşadığı bölgədə araxçın, buxara papaq, kalpaq və sair papaqlar gözəllik, mərdanəlik, şərafət nişanəsidirsə, onlardan istifadə etmək yaxşıdır.

 

baxılma sayı: 190