Məhbusun gecə yarı duası

 Abdullah ibn Tahir hökuməti zamanı karvan yolları çox qorxulu idi. Xəlifənin yollarda qoyduğu nəzarətçilərin bir dəfə tutduqları on quldurdan biri gecə yarı qaçır. Xəlifənin qəzəbindən qorxan zindan rəisi günahsız bir həllacı (pambıq təmizləyən) tutub quldurlara qoşur ki, say düz olsun. 


Bir gecə məmurlar zindana gəlib iki nəfəri dar ağacından asmaq üçün aparırlar. Həllac öz-özünə deyir: “Ailəm elə bilir ki, mən hardasa ruzi qazanıram. Halbuki, bir zalım məni oğrularla birgə zindana salıb.” Sonra həllac iki rəkət namaz qılıb duaya başlayır.


Abdullah ibn Tahir yuxu görüb dörd dəfə çarpayıdan yerə yıxılır. Qalxıb dəstəmaz alır, iki rəkət namaz qılıb yenidən yatır. Bu dəfə yuxuda görür ki, dörd qara ilan ona hücum edir. Oyanıb xidmətçiləri çağırır. Əmr edir ki, ətrafda nalə çəkərək Allaha üz tutmuş məzlumu tapsınlar. Xidmətçilər çox yeri gəzib, nəhayət, zindanda Həllacı dua edən halda tapırlar. Onu əmirin yanına gətirirlər. Məsələ aydınlaşandan sonra əmir Həllaca on min dinar verib deyir: “Məni halal et, bu hədiyyəni qəbul et, nə vaxt ehtiyacın olsa mənə de.” Həllac deyir: “İki istəyini qəbul edirəm. Amma üçüncü istəyin məqbul deyil. Çünki məni sənin zülmündən qurtaran kəsi qoyub sənə üz tuta bilmərəm.” 


Rəvayət olunur ki, Həzrət Peyğəmbər (s) ölüm ayağında olan bir şəxsdən soruşdu: “Halın necədir?” Şəxs dedi: “Günahlarımdan qorxuram, Allahın rəhmətinə ümid edirəm.” Həzrət (s) buyurdu: “Allah bir insanı qorxduğundan amanda saxlayıb ümid etdiyini əta etməsə bu iki məna onun qəlbində cəm olmaz.” 


Pərvərdigara! Arzularım yersiz, ümidlərim dəlilsiz deyil. Günahlarıma görə qorxsam da, bütün vücudumla Sənə ümidvaram. “Kumeyl” duası ilə hüzuruna gəlişim Sənin mərhəmətin sayəsində mümkün olub. Mən əminəm ki, Sənin dərgahından kimsə əliboş qayıtmaz. Sən Hürr ibn Yəzidi, Fironun arvadı Asyanı, Fuzeyl Əyyazı və minlərlə başqalarını öz mərhəmətinə qərq edən Allahsan!

 

baxılma sayı: 296