Ramazandan məktub!!!

Bağışlayan və Mehriban Allahın adı ilə

Mübarək Ramazan! Adım qulağa necə də xoş gələn, səsləndikcə insanı bir çox xatirələrə qərq edəndir elə deyilmi? Lakin and içməyin yeri var ki, Quranın “Sən nə bilirsən Qədr gecəsi nədir?” nidasını özümə nisbətdə də işlədə bilərəm. Yəni “Sən nə bilirsən Ramazan nədir?” Həqiqətən də sən nə bilirsən...? 

 

Sən ölüdən sənə zərər gəlməyəcəyini bildiyini iddia edib ondan qorxan bir zavallısan. Sən hesaba çəkiləcəyinə yəqini olduğu halda itaətsizlik edən bir günahkarsan. Elə bu paradoksun nəticəsidir ki, səni mələkut aləmində mələklərə güldürür. Həqiqətən də çox gülüncdür. Öz halın səhnələşərsə, bəlkə də ən komik film kimi izləyər və nalayiq fikirləri özün haqda söyləyərdin.

Gəl, tam səmimi etiraf et! Yanmaqdan qorxduğunu deyib oda yaxınlaşan adama yalançı və səfehdən başqa ad verərdinmi? Vay olsun halına ki, özünü aldadaraq yalançı və ya səfeh səviyyəsinə gətirdin. Gündəlik həyatın məni bu sözləri deməyə vadar edir. Axı sən deyilsən heç kimin səni görmədiyi, yalnız qaldığın bir anda harama baxan? Axı sən deyilsənmi öz qeybətindən xəbərdar olduğunda narahat olub, amma rahatlıqla başqaları barədə fikir bildirən? Axı hicabı zinətini örtmək üçün istifadə edəcəyin halda, onun özünü zinətə çevirən sən deyilsən? Axıları uzatmağıma ehtiyac var??? Məndən daha yaxşı tanımırsanmı özünü??? 

 

Hər halda, gəl bunları qoy bir qırağa. Allah məni sənə süfrə olum deyə, sənə pisliklərdən uzaqlaşmağa, mənəvi məqamlara yüksəltməyə kömək olum deyə təyin etdi. İndi sən düşünürsən ki, “axı bu necə süfrədir ki, burada ac qalmaq lazımdır?” Bəli düzdür. Bu ayda bədən üzvlərin ac qalmalıdır ki, ruh tək başına qidalana bilsin. 

Düzünü de! Neçənci dəfədir ki, məni yola verirsən? Məgər “Bu ayda özünü bağışlatdırmayan bədbəxtdir” hədisini başqalarına mənəvi abu-hava ilə danışan sən deyilsənmi? Bir az diqqətli ol! İftar zamanı Hüseyni (ə) yada sal, dua et, acları anlamağa çalış! Sübh bacardın yeməkdən qabaq dur, əllərini qaldır göyə, bağışlanma dilə! Əməl dəftərində yeməyə görə yox, Allaha görə oyanan biri kimi qeyd olunasan deyə. Gün ərzində də orucu batil edən şeylərdən deyil, bütün günahlardan çəkin! Bil ki, hər bir günah orucunun həqiqətini batil edəcəkdir. Öz qədrini bil, zəhmətini hədər etmə! 

Yaxşı, nə isə. Bağışla qınadım səni. Ümid edirəm hədiyyəmi qəbul edəsən. İndi sən istəyini dilə məndən! Çoxu bağışlanmaq istəyir məndən, yəqinki səndə başda bunu istəyərsən, düzdür? Bunu istəyirsənsə, gör nə gözəl buyurur təqvalıların əmiri: “Günahdan çəkinmək tövbə etməkdən asandır”. Sən çalış bu bir ay müddətində günahdan çəkin, mən bağışlanmana zamin duraram. Axı əvvəlim rəhmət, ortam bağışlanmaq, sonluğum isə oddan xilas olmaqdır. Yetər ki, sən ayıq ol, özünü bundan artıq gülünc yerinə qoyma! Əks halda sənə aclıqdan başqa xeyir vermərəm bunu bil! 

İmza: Ramazan

baxılma sayı: 147