Hardan bilək ki, tutduğumuz oruclar Allah qatında qəbul olunur?

İman əhlinə istər Ramazan ayında, istər qeyri - Ramazan ayında maraqlı gələn bir sual var

Bismillahir-Rəhmanir-Rəhim

Bir mühüm məsələ var ki, bu barədə bir neçə kəlmə yazmağı qərara aldıq. Əlbəttə, bu məsələnin Ramazanda tutulan orucla da əlaqəsi var. Amma kimsə düşünməsin ki, bu söhbətlərin artıq vaxtı keçib və Ramazan artıq sona çatmaq üzrədir. Çünki diqqətə çatdırmaq istədiyimiz məsələ - az sonra özünüz də görəcəksiniz ki - təkcə Ramazan ayı ilə məhdudlaşmır. Hətta, deyərdik ki, daha çox insanın, oruc əhlinin Ramazandan sonrakı aqibəti ilə əlaqədardır.


Məsələ əməllərin qəbul olma meyarıdır. İman əhlinə istər Ramazan ayında, istər qeyri - Ramazan ayında maraqlı gələn bir sual var. Düşünürəm ki, bu sual bütün ibadət əhlini maraqlandıran sualdır. Sual bundan ibarətdir ki, biz ki bu qədər ibadət və itaətlə məşğul oluruq, haradan və necə bilək ki, etdiyimiz ibadətlər Allah dərgahında qəbul olunur? Əslində insanlar intizar içindədirlər. Haqlıdırlar bu sualı verməkdə. Çünki ağıllı insan bu barədə gecə-gündüz düşünər. Bu fitrətdən irəli gələn bir məsələdir. Yəqin ki, hər biriniz qonaq getdikdə özünüzlə hədiyyə aparmısınız. Hədiyyə apararkən çox zaman insan öz-özlüyündə düşünür ki, görəsən hədiyyəm ev yiyəsinin ürəyindən oldu yoxsa yox? Yaxud evində sizi qonaq edən şəxs düşünür, tərəddüd edir, intizarda qalır ki, görəsən qonağı razı sala bildikmi? Qonaq bizim evdən necə getdi? Bu suallar insanı daim düşündürür. 


Allah bəndəsi əslində bu cür olmalı, maraqlanmalı, soruşmalı, intizarda olmalı, özünü təftiş eləməlidir. Hətta bir zamanlar möminlərdən ibarət bir dəstə insan İslam Peyğəmbərinin (s) hüzuruna müşərrəf olub Həzrətdən (s) bu sualı soruşdular: Biz necə bilək ki, etdiyimiz ibadətlər, yaxud qıldığımız namazlar, tutduğumuz oruclar qəbuldur? Ola bilər bu sual təkcə namaz barəsində verilmiş olsun, amma həqiqətdə bütün ibadətlərə şamil etmək olar. Həzrət (s) bu sualın cavabında bir meyar təyin etdi insanlar üçün. Mübarək kəlamın möhtəvası bundan ibarətdir ki, Həzrət (s) buyurdu ki, badətdən sonra baxın əməllərinizə, görün bu ibadətlər sizi günah və çirkin əməllərdən çəkindirirsə deməli etdiyiniz ibadətlər Allah dərgahında qəbuldur. Yox əgər pis və günah əməllərdən çəkindirmirsə deməli qəbul deyil. Həqiqətən də dərindən düşündükdə görürük ki, bundan gözəl və bəsirətli, ağla, məntiqə uyğun bir cavab vermək və meyar təyin etmək olmazdı. Doğrudan da əgər bir namaz, oruc, digər ibadətlər əgər insanı pis və günah əməllərdən çəkindirmirsə o ibadətin nə mənası var? Əslində Həzrətin (s) bu sözü birbaşa Qurani-Kərimin mübarək ayəsi üstündə köklənib. Allah-Təala Qurani-Kərim mübarək "Ənkəbut" surəsinin 45-ci ayəsində belə buyurur: "Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Göründüyü qədəriylə əslində bu mühüm məsələ ələl-xüsus insana Ramazandan sonra lazım olur. Çünki insan Ramazan ayında oruc tutarkən onsuz da nəinki haramlardan, hətta Allahın bəzi halallarından da çəkinməli olur. Təkcə orucunun batil olmasından qorxduğu üçün deyil. Hətta bəzi əməllər var ki, haramdır, amma orucu batil etməz. Məsələn, kiməsə iftira və böhtan atmaq kimi. Doğrudur ki, bu əməl insanın orucunu fiqhi nöqteyi-nəzərdən batil etməz, amma mənəvi cəhətdən həmin insan orucunu zay etmiş olur. Əlbəttə, bu məsələnin də Quranda əsası var.

 

Allah-Təala bir cümlə ilə bu məsələyə işarə etmiş və oruc əhlinin, ümumiyyətlə ibadət əhlinin diqqətini bu məsələyə yönəltmişdir. Allah-Təala mübarək "Hücurat" surəsinin 12-ci ayəsində buyurur: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!" Mübarək ayənin davamında buyurulur: "Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" Doğrudur, müasir alimlər kiminsə qeybətini etməyi orucun mübtilatından (orucu batil edən amillərdən) hesab etməyiblər. Amma qədim üləmadan birinin bu barədə uyğun fətvasının olduğunu qeyd edilir. Çünki ayədə qeybət edən şəxsin bu çirkin əməli öz ölmüş qardaşının ətini yeməsinə bərabər tutulur. Ət yemək isə şübhəsiz ki, orucu pozur. Deməli, ən azından orucun batil olmasının zahirinə hökm edə bilməsək də, batində batil olması, zay olması, bir işə yaramaması qətidir.

 

Nəticə etibariylə əgər bilmək istəsək ki, qıldığımız namazlar, tutduğumuz oruclar Allah dərgahında qəbul olunur, yoxsa yox gərək əməllərimizə fikir verək.


Ramazan ayının bitməsinə az bir vaxt qalıb. Unutmayaq ki, bu məsələ bizə əslində Ramazandan sonrakı aylarda daha çox lazım olur. Çünki Ramazan bitsə də Allahın izniylə həyat və vəzifə davam edir. Beləliklə də gərək Ramazan ayı çıxdıqdan sonra da öz əməllərimizi təftiş edib diqqətli olaq. Meyarı heç zaman unutmayaq./nur-az

baxılma sayı: 150