Həvəslə dəstəmaz al ki, ömrün uzansın!

Rəsuli-Əkrəmdən (s) ürəkoxşayan moizələr

Camaatın malından tamahını çək ki, səni sevsinlər, dünyadan meylini çək ki, Allah səni sevsin. Dünyada qərib və qonaq kimi yaşa və özünü ölənlərin sırasında bil. O şeyə ki arxayın deyilsən onu boşla və daha etibarlı mətləbi öyrənməyə çalış. Din qardaşınla zalım da olsa, məzlum da olsa dostluq et. (Zalımın zülmünün qarşısını al, məzluma isə arxa dur.) Yer əhlinə rəhm et ki, göy əhli də sənə rəhm etsin. Mülayim ol ki, sənə qarşı da mülayim olsunlar.

 

Həvəslə dəstəmaz al ki, ömrün uzansın. Öz ev əhlinə (ailə üvlərinə) salam ver ki, evinin bərəkəti artsın. Nə qədər bacarırsan xahiş və təmənna etməkdən çəkin. Haqq acı olsa da onu söyləməkdən çəkinmə. Harada olsan Allahdan qorx.

 

Əgər günah etdin arxasınca ibadət et ki, onu məhv etsin. Camaatla xoş xasiyyətlə rəftar et. Bircə salam deməklə də olsa sileyi-rəhm edin. Bir-birinizdən ötrü hədiyyələr göndərin ki, aranızda olan mehr-məhəbbət artsın. Cihad edin ki, övladlarınız əzəmət əldə etsin və çalışqan və fəal olsun.

Böyüklərin səhvlərinə göz yumun. Hədiyyə göndərin ki, kinlər aradan getsin. Hədiyyə göndərin ki, dostluğunuz daha da möhkəmlənsin və nigarançılığınız aradan getsin. Mənim dediklərimi camaata çatdırın, hərçənd bir Quran ayəsi olsa belə. Möminin dərrakəsindən qorxun, çünki o, Allahın nuru ilə görür.

Binalarda və evlərdə haram iş görmək oranın viran qalmasına səbəb olar. Öz övladlarınıza ehtiram göstərin və onları gözəl tərbiyələndirin. Gözəl söz danışın ki, qənimət əldə edəsiniz və pis danışıqdan uzaq olun ki, salamat qalasınız. Nütfələrdən (spermalardan) ötrü pak bətnlər seçin. Ləzzətləri tar-mar edəni (ölümü) çox yad edin.

baxılma sayı: 254