Həzrət Fatimeyi-Zəhranın (s.ə) təsbihatının ən az təsiri insanı bədbəxtlikdən xilas edər!

Həzrət Fatimənin (s.ə) təsbihatı o qədər fəzilətə malikdir ki, saymaqla bitməz. Bu təsbihin ən az təsiri insanı bədbəxt olmaqdan xilas edər. Bu dünyada yaşayan hər bir insan öz baxış və əqidəsinə görə xoşbəxt olmağı sevər və istəyər. Lakin insan ixtiyar sahibi olduğu üçün yolunu özü seçməlidir.

 

İnsan qarşısında olan yolları tanıyan zaman bəzən düz yolu seçər və ona tərəf irəliləyər. Lakin bəzən də səhv qərar verər və yanlış yola girər. Hər bir bəsirətli insan istəyər ki, getdiyi yol düz yol olsun və o, bədbəxtlərdən olmasın. O kəslərin ki, bəsirəti var və ayıqdırlar, onlar bədbəxt olmaqdan həmişə qorxarlar və ona görə də daima dua edər və Allaha yalvararlar. Bu dualardan biri də Həzrət Zəhranın (s.ə) təsbihatıdır ki, onu davamlı şəkildə yerinə yetirmək insanı bədbəxt olmaqdan qoruyar. 

İmam Sadiq (ə) bu haqda buyurur: "Ey Əba Harun! Biz övladlarımızı namaza əmr etdiyimiz kimi, Həzrət Zəhranın (s.ə) təsbihinə də əmr edirik. Sən də onda davamlı ol. Hər kim onda davamlı olar, bədbəxtliyə düşməz”.


Şeytan (lən) insanın qədim düşmənidir. İnsan heç bir zaman bu hiyləgər düşməndən amanda olmaz. Düşmən and içmişdir ki, hər nəyin bahasına olursa-olsun, insanı yolundan azdıracaqdır. Bəzi insanlar şeytanın hücumuna məruz qalır və davamlı olaraq qaçarlar və şeytan da onları qovar.

 

Həzrət Zəhranın (s.ə) təsbihatını davamlı yerinə yetirmək insana şeytanın hücumundan və vəsvəsəsindən aman verər və qoruyar. Belə bir insan həm əməllərində və həm də ibadətində ixlaslı olmağı bacarar və nəticədə İlahi rizanı əldə edə bilər. Amma şeytan vəsvəsəsi insana mane olar ki, İlahi rizanı qazansın. İmam Baqir (ə) buyurur: "Hər kim Həzrət Fatimənin (s.ə) təsbihini yerinə yetirər, ondan sonra istiğfar edər, bağışlanar. Bu təsbih dildə yüz dənədir. (Əməldə) isə min savabı vardır. Şeytanı uzaqlaşdırar, Rəhman Allahı razı edər”.

İmam Sadiq (ə) buyurur: "Hər kim Allah Təalanın zikrini çoxlu edər, Allah onu sevər. Hər kəs Allah Təalanın zikrini çoxlu edər, onun üçün iki bəraət yazılar: biri cəhənnəm atəşindən olan bəraət, o birisi isə nifaq və ikiüzlülükdən”. Həzrət Zəhranın (s.ə) təsbihi əgər qaydası ilə yerinə yetirilərsə, bu iki bəraətə səbəb olar.


Əbu Xalid Qəmat nəql edir ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: "Hər gün vacibatın təqibatında Həzrət Zəhranın (s.ə) təsbihini etmək mənim üçün hər gün min rükət namaz qılmadqan daha sevimlidir”.

İmam Baqir (ə) buyurur: "Allah Təala Həzrət Zəhranın (s.ə) təsbihatından daha üstün bir şeylə ibadət olunmamışdır. Həqiqətən, əgər ondan üstün və fəzilətli bir şey olsaydı, Allahın Rəsulu (s) onu qızına təlim verərdi”.
İmam Sadiq (ə) buyurur: "Hər kim Allaha Həzrət Zəhranın (s.ə) təsibihi ilə zikr deyər, çoxlu zikr demiş olar”./Deyerler.

baxılma sayı: 278