Nə üçün namazı ərəb dilində qılmalıyıq?

Namazı ərəb dilində qılmağın 7 səbəbi: 

1)- Dünya dillərini tədqiq edən alim və tədqiqatçıların etiraflarına əsasən ərəb dili vəhy dilinin tərcüməsi olmağa, Allah Taalanın yanında olan şeyləri və məqsədləri insanlar üçün ən düzgün şəkildə açıqlamağa layiq olan bir dildir. Ərəb dilinin çox geniş, əhatəli və dünyada ən çox söz ehtiyatına malik olması ilahi və mənəvi mövzuları, eləcə də axirət aləminə aid olan məsələləri insanlara izah etməyi asanlaşdırır. Heç bir dil ərəb dili kimi genişliyə və söz ehtiyatına malik deyil. İlahi və mənəvi mövzuların bir çoxlarının başqa dillərdə heç oxşarı da yoxdur, o ki qala sinonimləri. Məsələn: Nur, Quran, Bərzəx, Əraf....
Deməli namaz hər hansı bir dildə oxunarsa tam mənada tərcümə ola bilməyəcək, sanki bir bənzətmə olacaqdır...
 
2)- Namazın ərəb dilində qılınması İslam dininin ümumdünya dini olmasının əlamətlərindəndir. Çünki müxtəlif millət və xalqlardan olan, amma vahid bir sırada dayanan və vahid cəbhədə fəaliyyət edən insanlar bir-biri ilə ünsiyyətdə olmaq üçün vahid dil seçməyə məcburdurlar. Yoxsa həqiqi vəhdət əldə edilə bilməz. Hətta indinin özündə belə mütəfəkkirlər bu əqidədədirlər ki, bütün dünyanı bir ölkə kimi etməyincə tür üzündə xoşbəxtlik olmayacaqdır. Bu ideyani gerçəkləşməsi üçün müxtəlif plan və layihələr təsdiq olunmuşdur. Onların biri də bir dili beynəlxalq dil etməkdir.
Bütün müsəlmanların eyni dildə namaz qılmaqları vəhdət və birliyin əlamətlərindəndir. Bütün dünya alimləri etiraf edirlər ki, ərəb dili dünyanın ən geniş və hərtərəfli dilidir. Beləliklə də bütün müsəlmanlar ərəb dili ilə ünsiyyətdə olmaqla bu dili rahat və tez öyrənə bilsinlər.
 
3)- Bütün müsəlmanların eyni şəkildə namaz qılmaqları namazın təhrif olunmasına, həmçinin xurafatların və əsassız şeylərin ona əlavə olunmasına böyük bir maneədir. Quranın başqa dillərə tərcümələrinə diqqət yetirdikdə görürük ki, hər bir dilə edilən tərcümələrin hamısı bir-biri ilə az çox fərqləri vardır. Namazın ərəb dilində qılınması onu saf və xalis saxlayır. Bununla belə hər bir müsəlman namazın sözlərinin tərcüməsini ümumi şəkildə də olsa oxuyub yadda saxlaya bilər. Təsəvvür edin, əgər hərə namazı öz dilində qılsaydı dünya məscidlərində, ziyarətgahlarda xüsusilə də həcc mərasimində camaat namazı necə olacaqdı?! Hər bir ölkədə bir məsciddə camaat namazı qılınarkən başqa millətdən olan bir və ya bir neçə həmin məscidə daxil olduqda necə namaz qılardılar?! Həccdə neçə milyon insan namaz başlayarkən hamı birlikdə ALLAHU ƏKBƏR demələri əzəmət nişanəsi deyilmi?!
 
4)- Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: “Fatihə surəsi oxunulmayan namaz həqiqi namaz deyil.” (Əl-bəyan fi təfsiril Quran 418-ci səhifə)
Deməli, namazda Fatihə surəsinin oxunması şərtdir. Onu da demək lazımdır ki. Quranın ecazı yalnız sözlərin mənasında deyil. Əgər ecaz yalnız sözlərin mənasında olsaydı onda hər hansı bir dildə oxumağın elə də müşkülü olmazdı. Fatihə surəsinin quruluş, fəsahət, bəlağət, sözlərin eyni qarmoniyaya mailk olması və s. Ecazkarlığı vardır. əgər Fatihə surəsi başqa dildə oxunarsa bütün bu ecazkarlıqlar itəcəkdir...
 
5)- İmam Rza əleyhissalam buyurur: “İnsanlara əmr edilmişdir ki, namazda Quran oxusunlar, təki Quran zay olmasın və unudulmasın. Əksinə hifz olunaraq qorunsun ki, həm tanınmamış şəkildə qalmasın, həm də yox olaraq aradan getməsin. Həqiqətən Fatihə surəsi ilə başlamaq lazımdır başqa surə ilə yox, çünki heç bir surədə Fatihə surəsi qədər xeyir-bərəkət və hikmət yoxdur... (Vəsailuş-şiə 6-cı cıld 38-ci səhifə)
Görürsünüz ki, Fatihə surəsinə xeyir-bərəkət və hikmətdə heç bir surə çatmır. Xeyir-bərəkət və hikmət sözlərdə olsaydı Fatihə ən üstün surə olmazdı. Çünki 2-ci surə olan Bəqərə surəsi Fatihə surəsindən 40 dəfə böyükdür. Bundan başqa ümumiyyətlə Quranın qorunması insanlara vacib edilib. Bütün dünya müsəlmanları namazı ərəb dilində qılmalıdırlar ki, hamının Quranın əsrlərlə qorunub saxlanılmasında əlləri, zəhmətləri və xidmətləri olsun. Kim Quranın tərcüməsini oxuyursa deməli Quranın özünü oxumur. Quranı başqa dillərdə oxumaqla yalnız İslam dini haqqında ümumi məlumata mailk olmaq olar...
 
6)- Hişam ibn Salim bir gün imam Cəfər Sadiq əleyhissalamdan namazın rüku və səcdəsində Allahı təsbih etmək barədə soruşdu. İmam Cəfər Sadiq əleyhissalam buyurdu: Rükuda “subhanə rabbiyəl azimi və bihəmdih” və səcdədə isə “subhanə rabbiyəl ə’la və bihəmdih” de. Təsbihləri 1 defə demək vacib, 3 dəfə demək isə müstəhəbdir. ( Əl-istibsar 1-ci cild 323-cü səhifə)
Bu hədisdə İmam açıq şəkildə zikrləri ərəb dilində deməyə tapşırır. Əgər ərəb dilindən başqa dildə deyilməsi mümkün olsaydı İmam elə bir cümlə deyərdi ki, onun başqa dildə rəhat bir tərcüməsi olsun. Onu da deyək ki, “sübhanƏllah” sözünün tam mənada tərcüməsi barədə alimlər arasında yekdil rəy yoxdur.
 
7)- Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: “Mən necə namaz qılıramsa siz də elə namaz qılın.” (Ər-risalətus sədiyyə 104-cü səhifə)
Əgər “namazı mənim kimi qılın” cümləsindən məqsəd yalnız namazın hərəkətləri olsaydı həzrət Peyğəmbər(s) bunu izah edərdi. Hədisin mütləq şəkildə, yəni qeydsiz olaraq deyilməsi namazın bütün hissələrinin həzrət Peyğəmbər(s) kimi qılınmasının vacib olduğunu göstərir./ Rza Əzizoğlu  -İslamAz.

baxılma sayı: 374