Həzrət Cəbrayılın (ə) gecə namazı tövsiyəsi

Gecə namazının əhəmiyyətinə diqqət edərək, Şəhid Mütəhərrinin məqalələrindəki bəzi nöqtələrə nəzər salaq. Bu məqalələrin birində gecə namazının əhəmiyyəti haqqında bir hədis nəql edilir. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü bütün gözlər ağlayar, üç gözdən başqa: 1. O göz ki, Allahın haram buyurduqlarına göz yumub. 2. Allahın ibadətinə görə ayıq qalan gözlər. 3. O gözlər ki, gecə yarısı Allah qorxusundan göz yaşı töküblər”.

İbadətin ləzzəti

Şəhid Mütəhərri buyurur: “Bir silsilə mənəvi ləzzətlər vardır ki, mənəviyyatımızı ucaldar. Gecə namazının öz ləzzəti vardır. Gecə namazı qılan şəxsin hiss etdiyi ləzzəti barlarda əylənməyə gedən insanların hiss etdiyi ləzzət ilə müqayisə etmək olmaz. Onlar bu ləzzəti heç vaxt hiss edə bilməzlər. Gecə namazının ləzzəti çox dərin bir ləzzətdir. İnsana güc və sevinc bəxş edər. Ancaq əgər biz özümüzü dünya ləzzətlərinə qərq etsək, məsələn, gülüb-danışsaq, hətta qeybət belə etməsək, sonra da süfrə açıb, doyunca qarnımızı doydursaq və sonra da ölü kimi yatağa uzansaq, bu ləzzəti hiss etməyəcəyik.

Allaha and olsun ki, imanlı bir insan gecə yarısı ayılıb, ulduzları seyr edərək, “Ali-İmran” surəsinin son ayələrini tilavət edərək, varlıq aləmi ilə həmsəda olar və bu da bütün dünya maddi aləminin ləzzətinə bərabərdir. Bu cür insan bizim kimi yaşaya bilməz. Bizim kimi şam yeyə bilməz. Çünki dolu qarınla gecə yarısı ayılmaq çətindir və ayılsa da o ləzzəti hiss etməyəcəkdir.

O kəslər ki, bu tofiqə nail olublar və biz onları tanıyırıq, bizim bağlı olduğumuz dünyaya laqeyddirlər. Ən az tilavət etdiyi Quran ayəsi – bir cüzdür. Gör necə aramlıq və rahatlıqla bu gecə namazını qılır. Bu namaz qəlbləri dirçəldər. O insan ki, bu ləzzətə çatmaq istəyir, gərək maddi ləzzətlərin sayını azaltsın.

Həzrət Cəbrayilin (ə) gecə namazı tövsiyəsi

Həzrət Peyğəmbər (s) buyurur: “(Müstəhəb) namazların ən üstünü – gecə namazıdır və onu yerinə yetirmək necə də qısadır”. Həzrət (s) başqa yerdə buyurur: “Cəbrayil (ə) mənə o qədər gecə namazını tövsiyə etmişdir ki, hətta güman etdim ki, ümmətimin yaxşıları yatmırlar, onların çox az hissəsi istisna olunmaqla”.

Peyğəmbəri-Əkrəm (s) başqa yerdə buyurur: “Allah Həzrət İbrahimi bu iki işinə görə öz dostu seçmişdir: 1. Yoxsullara yemək vermək. 2. Gecə namazı (qılması), insanlar yuxuda olan zaman”.

Qiyamət günü gecə oyaq qalanlar

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah bütün insanları toplayandan sonra Carçı nida edər və deyər: İrəli gəlsinlər o insanlar ki, gecə yarısı yataqlarından uzaq olublar. Allahı çağırardılar, qəzəbindən qorxar və rəhmətinə ümidvar olardılar. Bu zaman bir qrup insanlar irəli gələrlər və başqalarından əvvəl öz yerlərinə (behiştə) daxil olarlar və onlardan sonra o biri insanların hesablarına baxarlar”.

baxılma sayı: 80