Həqiqi namaza doğru ilk addımlar: Zaman, məna və qəlbi Allaha yönəltməyin zəruriliyi!

Namazın həqiqətinə çatmaq üçün lazım olan 3 mühüm məsələ:

  İLK ADDIM

Həqiqi namaza nail olmaq üçün atılan ilk addım namaz zamanı diqqətli olmaqdır. İnsan bəzən namaz zamanı "həmddən” "surəyə” necə keçdiyini hiss etmir. Hətta belə də olur ki, insan yalnız namazın son cümləsini deyərkən namaz qıldığını xatırlayır. Belə bir hal namazda diqqətsiz olmaqdan xəbər verir. Əlbəttə ki, namaz qılan bütün namazlarda zəif də olsa müəyyən qədər diqqətli olur. Amma zəif diqqət namazın ruhunu dirildə bilmir. İnsan təkbirətül–ehram deməzdən qabaq kimin hüzurunda dayandığı barədə düşünməlidir. Müəyyən bir mətni kimin üçünsə oxuyan şəxs başa düşüləcək şəkildə oxumağa çalışır. Namaz qılan şəxs namazın sözlərini ən azı yuxarıda deyilən qaydada oxumalıdır. Yalnız aram və aydın qiraət zamanı namazda diqqəti cəmləmək mümkündür.

 

İKİNCİ ADDIM

İnsan namazda dediyi hər bir cümlənin mənasına diqqət yetirməlidir. Bunu, tədricən də olsa, yaratmaq lazımdır. Hər cümləni deməzdən əvvəl, bu cümlənin mənasını düşünüb sonra demək daha yaxşıdır. Məslən, "Əllahu əkbər” deməzdən qabaq Allahın əzəməti barədə düşünmək lazımdır. İnsan bu istiqamətdə çalışarsa, bir müddət sonra namazın sözlərinin mənasını düşünmək xasiyyət formasını alır.
Amma nəzərinizə çatdırdığımız iki addımı atmaqla həqiqi ibadətə nail ola bilmərik. Həqiqi namaza çatmaq üçün ən azı daha bir addım atmaq lazımdır. Məsələn, bir ateist Quranı çox diqqətlə oxuyub, onun hər kəlməsini başa düşürsə, bu işi ibadət hesab etmək olarmı? Yəqin özünüz də hiss etdiniz ki, üçüncü addıma ehtiyac var.


ÜÇÜNCÜ ADDIM

Bu yolda üçüncü addım insanın dili ilə dediklərinə qəlbən inanmasıdır. "Yalnız Sənə ibadət edir və Səndən kömək istəyirik” deyən insan Allahdan başqa heç kimsədən kömək intizarında olmamalıdır. "Əllahu əkbər” deyən şəxs üçün Allahdan böyük varlıq olmamalıdır. Doğrudanmı, hər bir namaz qılan öz dediklərinə qəlbən inanır? Doğrudanmı, inam və əməlimiz sözümüzlə uyğun gəlir? Əgər əməllərimizə nəzər salsaq görərik ki, bəzən Allaha heç bir uşaq qədər də məhəl qoymuruq. Daim Allahın hüzurunda olduğu-muz halda, müəyyən məqamlarda bizə baxan uşaqdan çəkinirik, amma Allahı yada salmırıq. Uşağın yanında söyüş söyməkdən çəkinib, uşaq olmayan yerdə söyüş söyən şəxs Allahı böyük bilir, yoxsa uşağı? Demək, bəzən Allahı uşaq qədər də saymırıq!
İnsanın sözünə uyğun gələn halının da müxtəlif mərtəbələri var. Müəyyən mərtəbələrə səy göstərməklə çatmaq olur. Bəzi mərtəbələrə isə yalnız ali mərifətə malik övliyalar müyəssər olur. Məsum İmamlarda (ə) isə namaz zamanı olduqca yüksək bir ruhiyyə müşahidə edilir. Onlar namaz qılarkən bütün diqqətləri Allaha yönəlir. Nəql olunur ki, Həzrət Əlinin (ə) ayağına döyüş zamanı bir ox batmışdı. Heç vəchlə bu oxu çıxarmaq mümkün olmurdu. Bir gün Həzrət (ə) namaz qıldığı vaxt oxu onun ayağından çəkib çıxardılar. Bəli, adi vaxtda mümkün olmayan bir iş namaz vaxtı mümkün oldu və Həzrət Əli (ə) bu ağrını hiss etmədi.Buna oxşar hadisələr Əhli–beyt (ə) məktəbi davamçılarının həyatında çox müşahidə edilir.

baxılma sayı: 131