Namaz qılmaq hamının vəzifəsidir

Bəzi namaz qılmayan, Allahın əmrlərinə tabe olmayan şəxslər belə düşünürlər ki, namaz və s. dini əməlləri həyata keçirmək yalnız din xadimlərinin borcudur və namaz qılmayanların "qəlblərinin təmizliyi” (?) isə namaz qılıb, digər dini əməlləri icra etmədiyi hallarda belə kifayət edir. İlk olaraq qeyd etmək lazımdır ki, namaz yalnız din xadimlərinə yox əksinə, bütün müsəlmanlara vacib edilmişdir. Çünki, hamı Allahın bəndəsidir və hamının Ona tabe olması və ibadət etməsi vacibdir.


Digər baxımdan, həqiqətən də qəlbləri saf və təmiz olan şəxslər Allaha baş əyir, namaz qılır və dini əmrləri fərəhlə yerinə yetirirlər. İmam Sadiq (ə) İmam Əli ibn Hüseynin (ə) namaz qılması haqqında buyurur:
کان علي بن الحسين اذا اقام في الصلوه کانه ساق شجره لا يتحرک منه شيء الا ما حرکه الريح منه
" İmam Səccad (ə) namaz qılarkən gövdəli bir ağac kimi heç tərpənmirdi. Yalnız külək onun paltarlarını tərpədirdi”("Kafi”, c.3, səh. 300.). Nəql edirlər ki, Həzrət (ə) o qədər namaz qılır, Allaha səcdə edirdi ki, alnı qabar bağlayırdı. Bu, məsumların qıldığı namazdır. Əgər Peyğəmbər (s) və imam övladı qəlbinin təmizliyinə yox, əksinə namaza bu qədər əhəmiyyət verirsə, digər şəxslər ibadətə daha çox vaxt sərf etməlidirlər.


Heç bir şəxsin qəlbi günah etmək, Allahın fərmanlarına boyun əyməməklə təmiz olmur. Çünki, hər bir günah bir qara ləkə kimi insanın qəlbinə həkk olur. Belə olduğu halda, itaətsizlik edən şəxsin qəlbi təmiz yox, qaralmış və daşlaşmış olur. Böyük övliyalar, ariflər illərlə üzərlərində çalışır, hər bir dini əməli vaxtı-vaxtında yerinə yetirir, əxlaqlarına diqqət yetirirlər ki, qəlbləri dünya bağlılığından ayrılsın və namazın ləzzətini daha da yaxşı şəkildə duya bilsinlər. Amma, bəzilərinin heç nədən qəlblərinin təmizliyini iddia etməsi yalandan başqa bir şey deyil.

 

Bir el məsəlində deyildiyi kimi, qabdan axan su onun içində olanıdır. Ən təmiz qəlbli, sağlam düşüncəli, gözəl əxlaqlı insanlara - peyğəmbərlərə, məsum imamlara, övliyalara  belə namaz qılıb, Allaha ibadət etmək vacib edilmişdir. Allah Quranda peyğəmbərin ailəsinə xitab edərək buyurur: وَأَقِمْنَ الصَّلوةَ وَآتِينَ الزَّكَوةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ

"Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin”("Əhzab”, 33.).
Beləliklə, bütün insanlar Allahın əmrlərini icra etməyə səfərbər olmalı və heç bir bəhanə gətirmədən sevimli məbudlarına ibadət etməlidirlər.

baxılma sayı: 88