İnsan Allahdan nə istəsə yaxşıdır?

Qüdsi hədisdə oxuyuruq: "Allah Musaya (ə) buyurur: "Hər nə ehtiyacın varsa, Məndən istə, hətta qoyunların otunu və yeməyinin duzunu belə"".
Ancaq yaxşı olar ki, insan Allah dərgahında dayanan zaman Ondan daha dəyərli şeyləri istəsin. Necə ki, Məsumlarımız (ə) istəmişdilər.
 
1. Valideyn üçün dua etmək. Ata və ana - insanın dünyaya gəlmək vasitələridir. Hər bir insan öz valideyninə hörmət və ehtiram etməlidir. İnsan hər nə qədər valideyninə xidmət etsə, onun zəhmətlərinə təşəkkür edə bilməz. Valideynlərimiz üçün edə biləcəyimiz ən xeyir işlərdən biri - onlar üçün dua etməkdir. Necə ki, İbrahim (ə), Nuh (ə) öz valideynləri üçün dua edirdilər. "Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!". ("İbrahim" 41).
 
2. Başqaları üçün dua etmək. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, dua edirsiniz, ümumi insanlar üçün dua edin ki, duanın qəbul olmasına səbəb olar".
 
3. Saleh övlad sahibi olmaq üçün dua etmək. Hər bir ata və ana istəyir ki, övladı saleh olsun. Həzrət Zəkəriyya (ə) da Allahdan pak və saleh övlad istəyir: "Ey Rəbbim, Öz tərəfindən mənə pak olan bir övlad əta et ki, həqiqətən Sən, duanı eşidənsən". ("Ali-İmran" 38).
 
4. İmam Zaman ağanın (ə.f) zühuru üçün dua etmək. O zaman ki, İmam Zaman ağa (ə.f) zühur edər, hər cür zülmə qalib gəlib, ədaləti bərpa edəcəkdir. Hər bir Əhli-beyt (ə) davamçısı o günün intizarını çəkir və ona görə də ağanın salamatlığı və zühurunun tezləşməsi üçün dua edir.
 
5. Yaxşı bəndə olmağı dua etmək. Hər bir insanın kamalı - Allah bəndəliyindədir. Bəndəliyə çatmağın yolu da nəfsani istəkləri tərk etməkdir. İmam Əli (ə) Kumeyl duasında buyurur: "Allahım, məni ən yaxşı bəndələrindən qərar ver!".
 
6. İslamı qorumaq üçün dua etmək. İslam dini - bəşərə əta olunan ən dəyərli nemətlərdəndir. Ona görə də hər bir müsəlman bu böyük məktəbin qorunması üçün dua etməlidir.
 
7. Xeyirli aqibət üçün dua etmək. Biz gərək dualarımızda Allahdan həm dünya və həm də axirət üçün xeyir istəyək.
 
8. Tövbə edək. Günah axirət əzabından başqa, insana dünyada bəlalar gətirər, mənəviyyatdan uzaqlaşdırar, İlahi rəhmətdən uzaqlaşdırar. Ona görə də tövbə etməyi unutmayaq.
 
9. Halal ruzi istəmək. Məsumlarımız (ə) həmişə Allahdan halal ruzi istəmişdilər. İmam Baqir (ə) buyurur: "Allahım, halal ruzini mənə çox et".
 
10. Elm istəmək. Allah Təala Quranda Peyğəmbərinə (s) buyurur: ""ey Rəbbim, mənim elmimi artır!" de". ("Taha" 114). İmam Səccad (ə) buyurur: "Allahım, mənə kamil ağıl, pak qəlb, çoxlu elm əta et!". 

baxılma sayı: 294