Namaz haqda Hz Əliyə (ə) nisbət verilən yalan hədisin araşdırılması!!

Bir namazla bütün namazların qəzasını ödəmək olarmı? Yayılmaqda olan bir şayiə və şübhəyə cavab!!!

Bir namazla bütün ömür qılınmamış namazların qəzasını ödəmək olarmı? Belə iddia edirlər ki, guya Peyğəmbər buyurmuşdur: Kimin boynunda qəza namazı varsa, Ramazanın axırıncı cümə gününün zöhründən öncə iki ikirəkətli namaz qılsa, "Fatihə"dən sonra bir "Ayətül-Kürsi"ni, habelə 15 dəfə "Kövsər" surəsini oxusa, dörd yüz illik qəza namazına və guya İmam Əlidən rəvayət edilən hədisə görə altı yüz illik qəza namazına kifayət edər. Namazdan sonra da bir duası var ki, daha uzun olmasın deyə, onu yazmırıq. Həm də ola bilər ki, bu namazın başqa bur versiyasını sizə təqdim etsinlər. İndi gəlin bir neçə şeyə diqqət edək:

 

1. Bu rəvayət və bunun mənasında olan bir əməl mötəbər şiə hədis qaynaqlarında mövcud deyil.

2. Hətta mövcud olduğunu fərz etsək belə, onun məfhumu varid olan digər rəvayətlərlə qəti surətdə ziddiyyət təşkil edir.

 

3. Bir sıra mötəbər hədislər mövcuddir ki, əldən çıxmış namazın qəzasını elə qəzaya getdiyi formada olduğu kimi yerinə yetirmək lazımdır. Yəni iki rəkətdirsə, qəzası da iki rəkətdir. Yaxud səfərdə qəzaya qəsr formasında gedibsə, elə şəkildə də qılınmalıdır.

4. Buna görə də namazın qəzasını yerinə yetirməkdən başqa heç nə onun əvəzini verə bilmir və boyundan götürülmür.

 

5. Bu cür şeylər qarşınıza çıxdıqda, sizdən bilikli olan kəslərdən soruşun və belə şeylərə aldanmayın. Camaatın başını qarışdırmaq, yoldan sapdırmaq üçün hər gün din adından istifadə edilərək onlarla mövzu yeridilir camaat içinə və çox təəssüf edirəm ki, bəzi insanlar belə yazılara aldanır və onların yayılmasında rolu olur.

6. Belə bir şey son zamanlarda ortaya çıxmışdır. Özü də bu şübhəli əməl nədənsə Beynəlxalq Qüds günündə yerinə yetirilməlidir. Niyə məhz sonuncu cümə?! Hər halda üzərində düşünmək lazımdır.

 

7. Bəziləri deyir ki, guya bu əməl camaatı ümidsiz olmağa qoymur. Yəni bir adam illərlə namaz qılmasa, yaxud bir müddət namazı səhv qılsa, yaxud hansısa səbəbə görə namazları batil olsa, onları yenidən qəza formasında yerinə yertirmək ümidsizliyə səbəb olar. Bu isə çıxış yoludur. Sual: namazın qəzaya getməsinin, səhv qılınmasının günahı dindədirmi, yoxsa şəxsin özündə?! Ona görə də zamanında məsələsini soruşmalı idi.

baxılma sayı: 132