Heç bir əməl əvəzsiz qalmaz – İbrətamiz hekayə

İstər kiçik bir yaxşılıq olsun, istər kiçik bir pislik, fərq etməz. Hər ikisi Allah tərəfindən ya bu dünyada, ya da axirət aləmində öz qarşılığını görəcəkdir. Hətta bir insana, bir quşa verilmiş kiçik bir çörək tikəsi olsa belə.
Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Ali-İmran-115)
 
İslaminSesi.info- Allah Təalanın insanlardan istədiyi birinci mətləb mərhəmət və diqqətdir. İnsanların bir-birinə mərhəmətli olması. Quranın və Allah dininin bütün göstərişlərinin “Bismilləhir-Rəhmanir-Rəhim”lə başlaması bunu bir daha təsdiq edir. Çünki sülh və insanlığın əsası rəhmət və mərhəmətlə qoyulur. Bəla və fəlakətlər isə qəzəb və nifrətdən, kin və həsəddən doğur.
 
Allah Təala Quranda hər kəsin etiyi, istər yaxşılıq olsun istər pislik, əvəzini görəcəkdir deyə buyurur:
 
Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (Zəlzələ 7/8)
 
İstər kiçik bir yaxşılıq olsun, istər kiçik bir pislik, fərq etməz. Hər ikisi Allah tərəfindən ya bu dünyada, ya da axirət aləmində öz qarşılığını görəcəkdir. Hətta bir insana, bir quşa verilmiş kiçik bir çörək tikəsi olsa belə:
 
Hədisdə qeyd olunur ki, bir gün İsa (ə) peyğəmbər öz həvariləri ilə oturmuşdu. Bir odunçu əlində çörək yeyə-yeyə, xoşhal halda onların yanından keçir. Həvarilər adamın xoşhalına təəccüb edib, ona qibtə edirlər. İsa (ə) peyğəmbər buyurur: “Ona belə təəccüb etməyin. Bu gün onun ömrü sona çatır.”
 
Lakin həvarilər axşam həmin adamın odundan qayıtdığını, hələ yaşadığını görürlər. İsa (ə) peyğəmbər də bunu görüb adamı çağırır və arxasındakı odunları yerə qoymasını söyləyir. Kişi odunları yerə qoyanda odun bağlamasının içində bir ilan düşüb sürətlə ordan uzaqlaşır. İsa (ə) buyurur:
 
“İlan bu kişini vurmalı idi. Lakin varmayıb! Ey odunçu sən nə iş görmüsən ki, ilan səni sancmayıb?”
 
Kişi : Mən əlimdə çörək yeyirdim. Bir fəqir yaxınlaşdı. Çörəkdən bir tikə kəsib ona verdim. O da mənə dua etdi.
 
İsa (ə): Allah bu əməlinə görə ölümü səndən uzaqlaşdırıb və sənə daha 50 il ömür bəxş edib.
 
(Təfsir Nümunə. 2/223)
 
Aləm, dünya bütünlükdə Mütəal Allahın ayət və nişanələridir. Yetər ki, insan ibrət alsın. Quran buyurub:
 
“Həqiqətən bunda (nişanələrdə, yaradılışda, olanlarda, baş verənlərdə) düşünənlər üçün ibrətlər vardır.” (Rədd-3)/Yaşar Nuriyev

 

baxılma sayı: 171