Niyə namazımızı yaxşı qıla bilmirik?

İmam Sadiq (ə) buyurur: “Namaz – ölçü və tərəzidir. Hər kim onu kamil yerinə yetirər, kamil mükafat alacaqdır”.

Feyz Kaşani bu hədisi şərh edən zaman buyurur: “Zahirən məqsəd budur ki, namaz –  bəndəni Allaha yaxınlaşdıran meyardır. Allah dərgahında mükafata layiq olacaqdır. Hər kim onun ədəb və qaydalarını kamil şəkildə yerinə yetirsə və namaza layiqli olan əməlləri icra etsə, onun bütün savab və əcrlərinə çata biləcəkdir. Əgər bu yolda səhlənkarlıq edərsə, həmin qədər namazın savabından məhrum olacaqdır”.

Namaz – möminin meracıdır. İnsanı ali dərəcələrə uçurdur. Ancaq niyə biz məhz belə namaz qıla bilmirik?

Bizə mane olan amillər:

1. Qəlb hüzurunun olmaması. Bir nəfər namaz qılan zaman saqqalı ilə oynayırdı və Həzrət Peyğəmbər (s) ona baxıb buyurdu:“Əgər bu şəxsin qəlbi müti olsaydı, əza və üzvləri də müti olardı”. Yəni, qəlb hüzuru elə bir haldır ki, insan bütün varlığı ilə Allaha diqqət edir. Əgər qəlbi diqqət edirsə, deməli, bütün bədən üzvləri də diqqət edir. Bu halı əldə etməyə səy göstərməliyik.

2. Namazın ancaq zahirinə diqqət edirik. Namazın zahirinə o qədər diqqət edirik ki, bəzən Kimin qarşısında təzim etdiyimizi unuduruq, onu sadəcə bir robot kimi yerinə yetiririk.

3. Namaza yüngül yanaşmaq. Namaza yüngül yanaşmaq o deməkdir ki, namazın vaxtı sənin üçün çox mühüm deyildir. Nə zaman istəsən, o zaman da qılarsan, hətta bəzən vaxtı keçəndən sonra qəza belə etməyə cürətin çatar.

Mömin insan əgər həqiqətən də merac etmək istəyirsə və kamil namaz qılmaq istəyirsə - gərək bu maneələri aradan qaldırmağa çalışsın və öz üzərində işləsin. Ruhunu və qəlbini islah etməyi bacarsın. Ancaq o zaman Allahla həqiqi rabitə qurub, qürb məqamını əldə etmək olar./Deyerler.

baxılma sayı: 198