Quranı pulla oxumaq: olar ya olmaz?

Qurani-kərim oxumaq üçün muzd almağın halal olub-olmaması barədə alimlərin fikirləri fərqlidir. Bir qrup alimlər (bunların əksəriyyəti əhli-sünnə məzhəbinə mənsubdur) bunu haram sayır və Allahın kəlamınımüəyyən qiymətə satmaq kimi dəyərləndirirlər.

Həqiqətən, bəzi mənbələrdə Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən elə hədislərə rast gəlirik ki, bunlarda Quran oxumağı qazanc mənbəyinə çevirənlər tənqid və məzəmmət edilirlər. Amma bunun müqabilində başqa bir qrup hədislər də var ki, bunlardan çıxış edərək bəzi şərtlər daxilində muzdla Quran oxumağın icazəli olduğu məlum olur. Alimlərin üstün və qüvvətli rəyi də buna uyğundur.

Əvvəla bunu deyək ki, Quran oxumaq və başqalarına bunu öyrətmək çox böyük savaba malikdir. Hər kəs imkan səviyyəsində bunu təmənnasız etsə, Allah tərəfindən mükafatsız qalmaz. Buna görə də başqa yerdən qazancı olan şəxsin təmənnasız olaraq Quran oxuyub möminlərin ruhuna hədiyyə etməsi və bu işi başqalarına da öyrətməsi gözəl olardı.

Ölü ilə bağlı bir neçə əməl var ki, onları icra etmək üçün pul alınmaz. Bunlara vacibi-kifayi deyilir. Buəməllərin sayı üçdür: ölüyə İslam şəriətinə uyğun olaraq qüsl verib kəfənə tutmaq, dəfn etmək və cənazənamazını qılmaq. Bir müsəlman ölüsü üçün bu işlər edilməyincə, bütün başqa müsəlmanlar bunda sorumlu vəcavabdehdirlər. Amma əgər bu işləri bir və ya bir neçə nəfər icra etsə, o birilərin boynundan məsuliyyət götürülər. Diqqət edilməlidir ki, burada qüsl, kəfən və dəfn üçün lazım olan materialların pulu nəzərdətutulmur; bunlara görə pul tələb etmək olar. Söhbət bu işə çəkilən zəhmətə görə istənilən muzddan gedir. Yəni bir kəs ölünü qüslləyib kəfənləmək, qəbrini qazıb dəfndən sonra üstünü örtmək və ona cənazə namazıqılmaq üçün zəhmət haqqı kimi pul istəsə, haramdır. Amma ölünün ruhuna Quran oxuyub hədiyyə etmək vacib yox, müstəhəb işdir. Ona görə də bunu muzdla etməyin maneçiliyi yoxdur. Əgər bunun üçün pul almağıharam bilsək, eyni məntiqlə gərək yas məclisində istifadə ediləsi ərzağı da pulla satmağı haram sayaq. Yəni təsəvvür edin ki, bir dükana girib satıcıdan tələb edirsən ki, atamın ehsan süfrəsinə təmənnasız ərzaq verməlisən. Bunların hər ikisini etmək vacib yox, müstəhəbdir; ölü sahibinin nə ölü üçün Quran oxutdurması, nə də ehsan verməsi şəriətdə vacib hökm kimi tələb edilmir. Əgər imkanı varsa, bunları edə bilər; imkanı vəya istəyi yoxdursa, məcbur edilə bilməz.

Məsələyə başqa cəhətdən yanaşsaq, məlumdur ki, insan öləndən sonra onun qəzaya getmiş namaz vəoruclarını başqası yerinə yetirə bilər və bunun üçün ölü sahibindən muzd istəmək də caizdir. Əgər bir şəxsin sağ ikən boynunda olan vacib (fərz) ibadət o öləndən sonra başqası tərəfindən müzdla icra edilə bilirsə, müstəhəb bir əməl olan Quran oxumağı niyə başqası muzdla etməsin?

Daha bir məqam: mərhum şəxsin ruhuna hədiyyə olaraq Quran oxuyarkən həm sifarişçinin, həm də icraçının müəyyən bir əxlaq və insaf çərçivəsində davranmaları məsləhətdir. Yəni Quran oxuyan adam bunun üçün xüsusi bir məbləğ istədiyini dillə deməsə daha yaxşıdır. Nədənsə, demək olar ki həmişə ölü sahibinin Quran oxuyan adamdan gileyləndiyinin şahidi oluruq: “Quran oxumaq üçün molla filan qədər pul istədi. Heç insafı yox imiş. Mənim onsuz da xərcim başımdan aşır. Bir yandan da Quran oxutdurmaq üçün filan qədər pul verməliyəm”. Bu adamların vəziyyətini başa düşməmək mümkün deyil. Həqiqətən, bəzən istər yas mərasimlərini idarə etmək, istərsə də Quran oxumaq üçün mollalar insafdan artıq pul istəyirlər. Amma bəzənəks mənzərə də rastımıza çıxır. Bu sətirlərin müəllifi Quran oxuyanın üzüyumşaqlığından istifadə edib bütöv Quran xətmi üçün 30, hətta 20 manat pul verən adam da görüb. Çox-çox imkanlı şəxslər görmüşük ki, qəbristanlıqda və ya ziyarətgahda rastına çoxan mollaya bir manat pul verib Yasin oxumasını tələb ediblər. Yəqin razılaşarsınız ki, bu iş üçün çəkilən zəhmətin və sərf edilən vaxtın müqabilində həmin məbləğhəddindən azdır. Təsəvvür edin ki, Quranı qiraət qaydası və avazla oxuyub xətm edən adam başqa işlərini kənara qoymaqla, buna ən azı 5-6 gününü həsr etməlidir.

Daha bir məqama toxunmaq istərdim. Heç kimi məcbur edən yoxdur ki, ölüsü üçün başqasına muzdla Quran oxutdursun. Heç Allah da bunu tələb etmir və bu işi müstəhəb əməl kimi hər kəsin öz ixtiyarına buraxıb. Bahalıqdan şikayət edən və pulunu cibində saxlamaq istəyən adam özü zəhmət çəkib öz ölüsünün ruhuna Quran oxuya bilər. Əgər bunu bacarmırıqsa, vaxtımızı və bacarığımızı ərəb əlifbasını öyrənmək əvəzinəbaşqa işlərə sərf etmişiksə, başqasından şikayət etməyə dəyməz. Biz öz vaxtımızı yüksək məvacibli firmalarda işə düzəlmək üçün ingilis dili və kompüter öyrənməyə sərf edəndə, “molla” dediyimiz adamlar (əlbəttə ki savadlı mollaları nəzərdə tuturam) ərəb dilini, təcvidi, şəriəti öyrəniblər. Və bu gün bizim onlara işimiz düşüb. Sabah da həmin molla bizim bacardığımız bir iş üçün qapımıza və ya iş yerimizə gələcək vəbizə sifariş verəcək. Məsələn, bənnayamsa, mən onun evini tikəcəyəm; tacirəmsə, mən ona mal satacağam; dərziyəmsə, mən ona paltar biçəcəyəm və sairə və ilaxır. Və bu zaman zəhmətimə görə ondan muzd istəyəcəyəm. Elə isə, onun da öz zəhmətinə görə məndən muzd istəməyini təbii qəbul etməliyəm. Unutmayaq, ruhani və molla təbəqəsini yaradan biz özümüzük. Əgər şəriətdə deyilən kimi, özümüz atamızın cənazəsinə qüsl vermir və bunu başqasına etdiririksə, əlimizə bel götürüb anamızın cənazəsinə qəbir qazmır və bunu başqasına tapşırırıqsa, özümüz Quran oxumağı bacarmır və bunu başqasına sifariş veririksə, yas məclisimizi yola vermək üçün nə ailənin içində, nə də yaxın qohumda bir adam tapmır və bunun üçün mollaçağırırıqsa, deməli, onun muzdunu da verməliyik. Etirazımız varsa, başqasının bizə müftə işləməsini tələb etməkdənsə, özümüz bu işləri görməyi öyrənək. Onda molla dediyimiz təbəqəyə də ehtiyac qalmaz.

Və nəhayət, Quranı o ölünün ruhuna oxutdurarlar ki, sağlığında bu kitabın heç olmazsa tərcüməsini vərəqləmiş olsun, bu kitabda yazılan əqidə, ehkam və əxlaq qaydalarının heç olmazsa, bir qisminə əməl etmişolsun. Sağlığında Quranı tanımayan, ona hörmət qoymayan (hörmət deyəndə öpüb gözünün üstünə qoymağıyox, içində yazılanlara əməl etməyi nəzərdə tuturam) bir adamın ruhu üçün yüz dəfə Quran oxunsun – nəfaydası var ki? ixlas.az

baxılma sayı: 214