Yorğun və mürgüləyən halda namaz qılmayın... – İmam Əlinin (ə) namazla bağlı tövsiyələri

İmam Əli (ə) buyurub: “Beş vacib namazın vaxtlarına nəzarət edin. Çünki bu namazlar Allah dərgahında xüsusi mövqeyə malikdirlər”.

“Hər kim (azan) səsini eşidər, səbəbi olmadan ona cavab verməzsə, deməli namaz onun üçün deyildir”.

“Hər kim namazını azan və iqamə ilə qılar, bir dəstə mələk arxasında namaz üçün dayanar ki, bu sıranın iki tərəfi də görünməz. Hər kim namazını təkcə iqamə ilə qılarsa, arxasında bir mələk namaz qılar”.

“Dörd zamanda dua etməyi qənimət bilin: Quran qiraət edən zaman, azan zamanı, yağış yağan zaman, müharibədə mömin ilə kafir ordusunun üzləşdiyi zaman”.

“Ey Kumeyl! Sənin şən və məqamın namaz qılmaq, oruc tutmaq və sədəqə verməklə deyildir. İnsanın şəni ondadır ki, namazı pak qəlblə yerinə yetirsin, Allah tərəfindən qəbul olsun və təvazö ilə əda olunsun”.

“Hər kim namazın haqqını tanıdığı halda onu yerinə yetirərsə - bağışlanar”.

“Yorğun və mürgüləyən halda namaz qılmayın. Namaz vaxtı öz fikrinizdə olmayın. Çünki Allahın dərgahında dayanmısınız. Həqiqətən, bəndənin namazının o qədəri qəbul olar ki, qəlbən Allaha diqqət etmişdir”.

“Namaz ancaq durmaq və oturmaq deyildir. Həqiqətən namaz – sənin ixlasındır ki, Allahdan başqasını iradə etməyəsən”.

“Ən oğru insan o kəsdir ki, namazından oğurlayar”.

“Məgər cəhənnəm əhlinin cavabına qulaq vermirsiniz ki, onlardan sual olunan zaman deyərlər: “Sizi cəhənnəmə nə düçar etmişdir?”. Deyərlər: “Biz namazqılanlardan olmamışıq””.

“Ey Kumeyl! Bax gör harada namaz qılırsan? Nəyin üstündə namaz üçün dayanmısan? Əgər namaz üçün istifadə etdiyin şey halal və mübah olmazsa, namazın qəbul olmaz”.

“Peyğəmbər (s) mənə buyurmuşdur: “Ey Əli! Hər namazın təqibatında “Ayətül-kürsü”nü oxu. Çünki onu əziz tutmaz, məgər o kəs ki, ya peyğəmbər olar, ya da siddiq və şəhid məqamına çatmış olar”./Deyerler.

baxılma sayı: 110