Ölülərə Quran oxumağın nə qədər həqiqəti vardır?!

"Qəbirlərdə yatan ölülərinizi unutmayın. Ölüləriniz sizin yaxşılığınızı gözləyir. Ölüləriniz həbsdədir və sizin yaxşı işlərinizə göz dikmişlər. Onların bir iş edəcək gücləri yoxdur, sizlər sədəqə və dua onlara hədiyyə edin"

İslaminSesi.info - İslamın nəzərində ölümün mənası insanın heç olması və yox olması deyil. Əksinə, ölümün mənası yox olmayan insan ruhunun bədəndən rabitə və əlaqəni kəsməsi, nəticədə bədənin yox olması, ruhun müəyyən bir vaxta qədər həyatına davam etməsi və sonra yenidən bədənə dönməsidir.

 

Uca Allah Qurani-Kərimdə belə buyurur: "(Kafirlər dedilər): Biz torpaqda yox olduqdan sonra, biz yenidən yaradılacayıqmı? Xeyr, onlar öz Rəbbinə qovuşmağı inkar edirlər. De ki: Sizin üçün tapşırılan ölüm mələyi canınızı alacaq, sonra Rəbbinizə döndəriləcəksiniz". /Səcdə 10-11/ 
Uca İslam peyğəmbəri (s.a.a) belə buyurur: "Mömin insanların dünyadan ayrılması qaranlıq, qıtlıq və təzyiqlərdən aydın və geniş bir fəzaya girən uşağın ana bətnindən çıxması kimidir ".

 

İmam Əli (a.s) belə buyurur: "Ey insanlar biz və sizlər yox olmaq üçün deyil, əbədi qalmaq üçün yaradılmışıq. Sizlər ölüm ilə dünyadan getməkdəsiniz, siz sadəcə bir evdən başqa bir evə köçürsünüz. Bu səbəblə hərəkət etməyiniz lazım olan və əbədi qalacağınız evin azuqə və ərzağını hazırlayın".

 İmam Həsən (ə) ölüm nədir deyə soruşulduqda belə buyurdu: "Ölüm mömin insana nəsib olan ən gözəl sevinclərdəndir ".
 
 İmam Hüseyn (a.s) ölüm barədə belə buyurur: "Ölüm sizi dünya dərdlərindən Allahın rifah və lütfünə çatdıran bir körpüdür və Allahın düşmənləri üçün isə saraydan zindana intiqal etməkdir ".

 Nəticədə ayə və rəvayətlər ölməklə və meyitin çürüməsi ilə ruha zərər gəlmədiyini göstərir. Ruhumuz olduğu kimi qalır və öz başına müstəqillik və subyektivlik daşıyır. Çünki bizim şəxsiyyətimiz bədən və meyitimizi deyil, əksinə ruh və canımız ilədir. Ölüm yoxluq, son və fəna demək deyil. Sadəcə, bir aləmdən başqa bir aləmə dəyişmə etməkdir və insan həyatı başqa bir şəkildə davam edir.
 

Ölülər Üçün Quran Oxumaq!

İnsan öldükdən sonra onun yaxınları və digər möminlərə onun üçün bəzi əməlləri etməsi vacib olur. Bu vaciblərə qüsl, kəfən, namaz, və ölünün mümkün qədər tez dəfn edilməsi kimi işləri misal çəkmək olar.

Eyni zamanda, ölülər üçün bəzi əməllər də icra olunur ki, bunlar müstəhəb (qeyri vacib) əməllərdəndir. Sədəqə vermək, dua etmək və Quran oxumaq bu növ müstəhəblərdən sayılır. Ölülər üçün Quran oxumağın müstəhəb olduğunu isbat etmək haqqında isə iki növ dəlil irəli sürülə bələr:

- Birinci növdə ümumilikdə ölü və dünyadan köçmüşlərinizi xatırlayın və öz yaxşı işlərinizlə onlara fayda verin deyə bildirən rəvayətlər mövcuddur. Aydındır ki, Quran oxumaq da yaxşı və bəyənilən əməllərdəndir. Bu barədə bəzi rəvayətlər mövcuddur və onların bəzilərinə işarə edirik:

İlk rəvayət Həzrəti peyğəmbərdən (s) belə nəql edilmişdir: Qəbirlərdə yatan ölülərinizi unutmayın. Ölüləriniz sizin yaxşılığınızı gözləyir. Ölüləriniz həbsdədir və sizin yaxşı işlərinizə göz dikmişlər. Onların bir iş edəcək gücləri yoxdur, sizlər sədəqə və dua onlara hədiyyə edin ".

 
Digər bir rəvayətdə isə İmam Sadiq (a.s) belə buyurur: "Canlının özünə verilən hədiyyədən sevinməsi kimi, ölü də onun üçün istənilən rəhmət və bağışlamadan çox sevinir ".

- İkinci növdə isə ölülər üçün Quran oxumağın təsirindən bəhs edir ki, bunun faydası oxuyan insanın özünə qayıdır. Yəni mərhum insanla bərabər bu tilavətdən oxuyan da mənəvi və elmi bəhrə aparır. Məsələn, İmam Rza (a.s) buyurur:

“Hər kəs bir möminin qəbrini ziyarət edə və qəbrin kənarında yeddi dəfə Qədr surəsini oxuyacaq olsa, Allah onu qəbir sahibilə birlikdə bağışlar".

baxılma sayı: 150