Vəhhabilər nəyə görə namaz qılmayan şəxsi müşrik hesab edirlər? – Puç iddia

Vəhhabilər nəyə görə namaz qılmayan şəxsi müşrik hesab edirlər? – Puç iddia

İslaminSesi.info – İslam dini və bütün səmavi dinlərin ilkin hədəfi insanı şirk və bütpərəstlikdən çəkindirmək və tək olan Allaha ibadətə yönləndirməkdir. Bu səbəbdən İslamin ilkin mərhələsi kəlmeyi-şəhadəteyni dilə gətirməkdir. Yəni Allahın təkliyinə və peyğəmbərin (s) risalətinə şəhadət verməkdir. İslam fəqihlərinin bütünlüklə rəyi budur ki, bir kəs kəlmeyi-şəhadəteyni deməklə şirk əhli olmaqdan nicat tapır təkallahlı hesab olunur. Artıq onun canı möhtərəm və malı müsəlmanlara əmanətdir. Yalnız İslamın zəruri hökümlərini (Allahı və peyğəmbərləri, Allahın göndərdiklərini) inkar etdiyi halda kafir və ya müşrik hesab olunur. (Ayətullah Xamenei)

İnsan İslamı qəbul etməklə küfr və şirkdən xaric olur. İslamın hökmlərinə, ibadət və əxlaqa riayət etməklə iman və mənəviyyat əldə edir. Bu səbəbdən öncə insan müsəlman, sonra isə iman əhli olur və belə şəxslərə “mömin” deyilir. Quran bu mətləbi belə bəyan edir:

“Ərəblər: "Biz iman gətirdik!' – dedilər. (Ya Peyğəmbər! Onlara) de: 'Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: Biz islamı qəbul etdik!" – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Hucurat-14)

İslamı qəbul etmək zahirdə etiraf etməklə olur, iman isə qəlblə təsdiq etmək və Allaha itaətlə olur. Lakin bəzi “firqələr” isə İslamın əsas şərtini ibadət olduğunu bildirərək ibadət etməyənləri müşrük və ya kafir adlandırırlar. Hətta bəzi müsəlman ölkələrində fəallaşıb müsəlmanların haqlarına təcavüz edərək özlərinə bəraət qazandırırlar. Əsasən istinad etdikləri mənbə Quranın “Rum” surəsinin 31-ci ayəsidir. Ayədə buyrulur:

“(Allahın dininə üz tutun,) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın!”


Ayənin sonunu təklikdə götürdükdə mətləb bu cür alınır: “namaz qılın və müşriklərdən olmayın!”

Lakin Əhli-Beyt (ə) alimləri ayənin təfsirində yazırlar:
“Ona tərəf dönün” - ifadəsi tövbə mənasındadır. İnsan tövbə etməklə rəbbinə doğru dönür və Onu təsdiq edir.

Təqva və namaz isə insan fitrətinə uyğun, fitrətin istəyidir. Quran zikr edir: “Ondan (Allahın əzabından) qorxun, namaz qılın”
Tövbə gərək təqva ilə (Allahın əzabından qorxu ilə) bigə olsun. Bu zaman insanı günahdan çəkindirər.


İnsan fitrəti, daxili aləmi Allaha doğru dönməklə, təqvalı olmaqla və namazla (ibadət və itaətlə) çiçəklənir. İnsan bunların birgə vəhdəti ilə ucalır.

 

Nəticədə insan iman əldə edir və bütün bunlarların vəhdəti ilə şirkdən xilas olur. Necəki ayə buyurur: Tövbə edərək Ona tərəf dönün. Ondan qorxun, namaz qılın - müşriklərdən olmayın!
(Nur təfsiri)


Həmçinin qeyd edək ki, şirk məsələsi geniş izaha ehtiyaca olan məsələlərdəndir. İslam alimləri şirki əsas 2 qismə ayırmışlar:

Etiqadda şirk:

1 - Uluhiyyətdə şirk - Yəni Allahdan qeyri birini ibadətə layiq bilmək.
2 - Xaliqiyyətdə şirk - Allahdan qeyri yaradan qəbul etmək.
3 - Rübubiyyətdə şirk – Yəni Uca Allah aləmi iradə olunmasında yeganə qüdrət sahibidir. Aləmin idarə olunmasında Allaha şərik bilmək.

Əməldə şirk:
Əməldə şirk isə insanın nəfsi ilə əlaqədardır. İnsan yuxarıda deyilən etiqadi məsələlərdə şirkə düçar olmasa belə, adətən nəfsi qarşısında aciz qalır və günaha mürtəkib olur. Bu səbəbdən əməli şirki də 2 qismə ayrılır.

Aşkar və gizli şirk. “Aşkar əməli şirk” Allahın hökümlərinə qarşı çıxmaq və ya vacibatı tərk etmək, onun əksinə əməl etməklə olur. “Daxili əməli şirk” isə insanın niyyətində, düşüncəsində olur. Buna riya, ucub, təkəbbürü misal çəkmək olar.

İnsan yalnız etiqadda şirkə mürtəkib olarsa o zaman kafir olar, əməli şirkə gəlincə isə müşrük yox fasiq (günahkar) hesab olunur./Yaşar Nuriyev

baxılma sayı: 198