Salavatdan sonra "və əccil fəracəhum" demək nə üçündür?

Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə salavat göndərərkən ardınca "Və əccil fəracəhum” (Onların zühurunu tezləşdir) deyirlər. Bu ifadə müsəlmanlar üçün sədaqət rəmzidir. Bu ifadəni işlətməklə sanki onlar İmamın (ə.f) dəvətinə "Ləbbeyk!” deyirlər.

Əhli-Beyt (ə) ardıcılları İmamın (ə.f) zühurunun həsrətindədirlər. Aşiqlər hər gün İmamlarının (ə.f) intizarındadırlar. İmamın (ə.f) fərəci üçün dua etmək Şeytanın belini sındıracaq əməllərdən hesab edilir.

Salavatdan sonra "və əccil fəracəhum” demək İmam Zamana (ə.f) qarşı beyəti təzələmək, verilən əhdin üzərində durmaq, tağut və batilə qarşı nifrət, həqiqət tərəfdarı olmağın nişanəsidir. Bu kəlməni dilə gətirmək zəmanənin imamının diqqətini cəlb etmək sayılır.

Müsəlman kəs Peyğəmbər (s) və Əhli-Beytə salavat göndərərkən bunu uca səslə deməli, aydın şəkildə tələffüz etməlidir. Hədislərdə qeyd olunmuşdur ki, salavatı uca səslə demək insanı münafiqlik kimi sifətlərdən uzaq saxlayır və Şeytanı sarsırdaraq lərzəyə gətirir.

İmam Mehdini (ə.f) dua edən kəs salavatı bu cür də deyə bilər. Çünki salavat da bir duadır. Salavat Həzrət Muhəmməd (s) və onun Əhli-Beyti üçün nəzərdə tutulmuş bir rəhmətdir. Bu rəhmət müsəlmanlara da şamil olur. Belə ki İmamın (ə.f) zühuru ilə insanlar Allahla aralarında qırılmış rabitəni yenidən bərpa edəcəklər.

Hədislərdə nəql olmuşdur ki, Həzrət Muhəmməd (s) və onun Əhli-Beytinə (ə) salavat göndərərkən fərəc üçün olunan duadan sonra insan hacətlərini istəsə belə bir dua müstəcab olar.

Birgün mərhum Hacı Muhəmmədəli Fəşəndi həyat yoldaşı ilə bir yerdə Cəmkəran məscidinə gedir. Hacı Muhammədəli bir nəfərin salona daxil olaraq məscidə tərəf getdiyini görür. Öz-özünə deyir ki, bu kişi uzaq yol gəlib, susuzdur. Bir qab su hazır edib içmək üçün həmin kişiyə uzadır. Suyu içib qabı qaytaran kişi cavabında: "Bizim ardıcıllarımız bizi su içmək qədər də sevmirlər. Əgər istəsəydilər dua edər və fərəc də yetişərdi” – deyir.

İnsanların çoxu İmam Mehdini (ə.f) unudaraq nəticə etibari ilə İmamdan (ə.f) məhrum olaraq bəlaya tuş gəliblər. İmam Mehdi (ə.f) və məhdəviyyət İslam dininin ən aktual mövzularından olsa da, çox təəssüflər ki, gözardı edilir. Belə bir əhəmiyyətli və bəşəriyyətin müqəddəratını həll edəcək bir mövzuya qarşı laqeyid yanaşmaq çox qəbahətli bir işdir və Peyğəmbərə (s) sədaqətlik göstərmək istəyən şəxs onun xilaskar övladına qarşı da diqqətli olmalıdır. Odur ki, İmam Mehdini (ə.f) sevənlər və onun yolunu səbirsizliklə gözləyənlər İmamın (ə.f) zühuru üçün bacardıqları qədər dua etməlidirlər. Müəllif: Yəhya Abdullahttp://ehliwie-samux.

baxılma sayı: 197