İmam Sadiq (ə), xas səhabəsi olan Müaviyə ibn Vəhəbə İmam Hüseyn (ə) ziyarəti haqda tapşırığı!

Müaviyə ibn Vəhəb (İmam Sadiqin (ə) xass səhabələrindən olub) deyir: İmam Sadiqin (ə) yanına daxil olmaq üçün icazə istədim. Mənə icazə verildikdə evə daxil oldum. İmam Sadiqin (ə) öz evindəki müsəllasında (namaz qıldığı yerdə) olduğunu gördüm. Oturub onun namazını qurtarmasını gözlədim. İmamın (ə) öz Rəbbi ilə belə münacat etdiyini eşitdim:
- "Ey bizi kərmətlə məxsuslaşdıran, bizi vəsilik ilə məxsuslaşdıran, bizə şəfaət vəd edən, bizə keçmişdə olanların və gələcəkdə olacaqların elmini bəxş edən və insanlardan bir qrupunun ürəyini bizə doğru yönəldən, məni, qardaşlarımı və İmam Huseyni (ə) ziyarət edənləri bağışla. Onlar (İmam Huseyni (ə) ziyarət edənlər) bizə yaxşılıq etmək üçün və bizə məhəbbət bəsləndiyi üçün sənin yanında olanı (bu barədə verdiyin vədi) əldə etmək ümüdi ilə (ziyarət üçün) öz mallarını infaq ediblər və öz bədənlərini əziyyətə salıblar. (Bu əməlləri ilə) bizim əmrimizi yerinə yetirdikləri üçün sənin Peyğəmbərinə (s) sevinc bəxş ediblər və (bu əməlləri ilə) düşmənlərimizi narahat ediblər. Bu əməlləri ilə sənin razılığını əldə etmək istəyiblər. Bizim haqqımızda onlardan razılığınla kifayətlən. Onları gecə və gündüz qoru. Onların (öz vətənlərində) ən gözəl şəkildə geridə qoyduqları ailə və övladlarına sahib çıx. Onlara (yolda) yoldaş ol. Onları inadkar zalımların, istər zəif, istər güclü olan hər bir yaranmışın və insanlardan və cinlərdən olan şeytanların şərrindən qoru. Onların öz şəhərlərindən uzaq düşərək və övladlarını, ailələrini və yaxınlarını geridə qoymaqla səndən ümid etdikləri (qarşılığın) ən ucasını onlara ver.
İlahi, düşmənlərimiz onların (ziyarət üçün) evlərindən xaric olmalarını onlara eyb tuturlar (istehza edirlər). Lakin (düşmənlərimizin bu istehzası) onların bizə tərəf hərəkət etməsinə və bizim müxaliflərimizə qarşı çıxmaqlarına mane ola bilməyib. (İlahi,) (Ziyarətə gedərkən yolda) günəşin dəyişdiyi üzlərə rəhmət elə. (İlahi,) Əbu-Əbdullah Huseynin (ə) qəbrinə qoyulan (sürtülən) yanaqlara rəhmət elə. (İlahi,) Bizə mərhəmət səbəbindən göz yaşı axıdan gözlərə rəhmət elə. (İlahi,) Bizə görə qəmlənən və yanan ürəklərə rəhmət elə. (İlahi,) Bizə görə olan vay-şüvənlərə (fəryadlara) rəhmət elə. 
İlahi, mən bu şəxsləri susuzluq günü (Qiyamət günü) hovuzda onlarla görüşənədək sənə əmanət edirəm."
(Müaviyə ibn Vəhəb deyir:) İmam bu dua ilə səcdəsini davam etdirdi. Səcdəsini qurtardıqda ona dedim: Sənə fəda olum, bu eşitdiklərimi Allahı tanımayan şəxs barəsində belə eşitsəydim elə zənn edərdim ki, həmin şəxsi cəhənnəm odu yandırmaz. Allaha and olsun ki, həccə getməsəm belə İmam Huseyni (ə) ziyarət etmək istədim. İmam (ə) buyurdu: "Sənə İmam Huseyni (ə) ziyarət etməyə nə maneə olur?"
Sonra İmam (ə) buyurdu: "Ey Müaviyə, bunu (ziyarəti) tərk etmə." Mən dedim ki, sənə fəda olum, bu işin bu qədər əhəmiyyətli olduğunu bilmirdim. İmam (ə) buyurdu: "Ey Müaviyə, İmam Huseyni (ə) ziyarət edənlərə göydə dua edənlər (onlara) yerdə dua edənlərdən daha çoxdur."  Mənbə: "Kamiluz-ziyarat", səh.227

baxılma sayı: 318