İmam Əli (ə) həqiqi tövbəni bu xüsusiyyətləri ilə tanıtdırdı!

Həzrət Əli ibn Əbu Talibdən rəvayət edilib ki, Yer üzündə Allahın əzabından amanda qalmaq üçün iki vasitə var idi. Bunlardan biri insanların əlindən alındı, o biri isə hələ də qalmaqdadır. İnsanlardan alınmış aman vasitəsi – İslam Peyğəmbərinin vücudu idi. İkinci vasitə isə istiğfardır.

 

Bir nəfər İmam Əlinin yanında öz günahlarının bağışlanması üçün "əstəğfirullah” dedi, amma bu sözü saymazyana və ağızucu söylədi. İmam buyurdu: "İstiğfarın nə olduğunu bilirsənmi?

İstiğfar – yüksək məqamlı insanlara məxsus olan bir əməldir. Onun 6 mərtəbəsi var.

 

İstiğfarın birinci mərtəbəsi keçmiş günahdan peşman olmaqdır.

İkincisi, həmin günaha bir daha qayıtmamaq qərarına gəlməkdir.

Üçüncüsü, öhdəndə günah olmadığı vəziyyətdə Allaha qovuşa bilmək üçün camaatın haqqını özünə qaytarmaqdır.

Dördüncüsü, sənə vacib olan, amma yerinə yetirmədiyin hər bir əməli (ibadəti) icra etməkdir.

Beşincisi, bədənində haramdan yaranmış əti hüzn və kədərlə əritməkdir; ta ki, dəri sümüyə yapışsın və onun yerinə təzə ət gəlsin.

Altıncısı, günahın şirinliyini daddığın kimi, ibadətin əziyyətini də dadmağındır. Yalnız belə olan halda "əstəğfirullah” deyə bilərsən” ("Nəhcül-bəlağə”, 409-cu hikmətli kəlam).

 

baxılma sayı: 10