İbadətlərdə huzur qəlbin beş mərhələsi...

Hüzuri-qəlbin müxtəlif mərtəbə və dərəcələri – həm nisbətən kamili, həm də daha kamili vardır. Təkamül yolçusu onları tədrici olaraq qət edə bilər ki, yüksək qürb və şühud məqamına çata bilsin. 
Bu çox uzun və müxtəlif məqamlara malik olan yoldur ki, mənim kimi uzaqdan nəzarət edən, həsrət odunda yanan bir şəxsin onları izah etməsi rəva deyildir. Lakin onların bə’zi mərtəbələrini qısa şəkildə qeyd edirik ki, təkamül yolçusu üçün faydalı olsun.

Birinci mərhələ 
Hüzuri-qəlbin birinci mərhələsi bundan ibarətdir ki, namaz qılan şəxs bütün namazlarında, yaxud onun bə’zi hissələrində, sözlərin mə’nalarına diqqət yetirməsə və onların mə’nasını müfəssəl şəkildə bilməsə belə, Allahın hüzurunda dayandığına müəyyən qədər diqqət yetirsin, Onunla danışdığını bilsin və Onunla razi-niyaz etdiyinə fikir versin.


İkinci mərhələ 
Hüzuri-qəlbin ikinci mərhələsi budur ki, namaz qılan şəxs namaz halında olmaqdan əlavə, özünü Allahın hüzurunda və Onunla danışan bir halda olduğunu bilsin, kəlmələrin, zikrlərin mə’nalarına diqqət yetirsin və Allahla nə danışdığını bilsin. Sözləri elə tələffüz etsin ki, sanki onların mə’nalarını öz qəlbinə başa salır. Məsələn, kəlmələrin tələffüz olunma qaydasını öz övladına təlqin edən və onun mə’naları ilə tanış edən ana kimi.


Üçüncü mərhələ 
Üçüncü mərtəbədə namaz qılan şəxs əvvəlki mərhələlərdən əlavə gərək təkbirin, təsbihin, təqdisin, tövhidin, təmhidin və s. kimi zikrlərin məfhum və həqiqətlərini yaxşı şəkildə bilsin, onları elmi dəlil və bürhanlarla tanısın və namaz halında onlara diqqət yetirsin, nə dediyini, nə istədiyini və kiminlə danışdığını yaxşı bilsin.


Dördüncü mərhələ
Namaz qılan şəxs dördüncü mərhələdə əvvəlki mərhələlərdən əlavə, gərək zikrlərin mə’na və məfhumlarını, məaariflərini kamil şəkildə öz batininə nüfuz etdirmiş, yəqin mərhələsinə, kamil imana çatmış olsun. Bu halda dil qəlbə tabe olur. Qəlb o həqiqətlərə imanlı olduğu üçün dili zikr deməyə vadar edir.


Beşinci mərhələ 
Namaz qılan şəxs bu mərhələdə əvvəlki mərhələlərdən əlavə kəşf, şühud və kamil hüzur mərhələsinə çatır. Haqqın adlarını, sifətlərini və kamallarını batin gözü ilə müşahidə edir, Allahdan başqa heç bir şeyi görmür. Hətta özünə, öz hərəkətlərinə, zikrlərinə belə, diqqət yetirmir. Allahla danışır, lakin hətta danışığından belə, qafildir. Bu məqamda o, özünü əldən vermiş, Haqq-Təalanın camalını müşahidə etməyə qərq olmuşdur. Bu məqamda da müxtəlif mərtəbə və dərəcələr vardır ki, təkamül yolçusunun vəziyyəti ilə əlaqədar olaraq fərqlənir. Bu məqam dərin bir dəryaya bənzəyir. Yaxşı olar ki, mən belə şeylərdən məhrum olan bir bəndə kimi, ora daxil olmaqdan çəkinim və onu öz əhlinə həvalə edim. "Allahummərzuqna həlavətə zikrikə və muşahədətə cəmalik. (Pərvərdigara, Sənə zikr etməyin şirinliyini və camalını müşahidə etməyi bizə nəsihət et!”

baxılma sayı: 90