Hz Peyğəmbərin (s) İbn Məsud və dörd səhabəsinə nəsihətləri nələr oldu? ÜÇÜNCÜ BÖLÜM

ÜÇÜNCÜ BÖLÜM:

21-Heç bir günahı kiçik sayma və böyük günahları tərk et. İnsan qiyamətdə günahlarına baxanda, gözündən yaş əvəzinə qan və çirk gələr.

22-Sənə "Allahdan qorx!” – deyiləndə qəzəblənmə. Arzularını azalt, qəlbini yalnız Allaha bağla; çünki Allah, Onunla görüşü arzulayanları çox sevir və görüşü məkruh olan (bəyənilməyən) şəxslərin görüşünə getməyi bəyənmir.

23-Böyük saraylar, qəsrlər tikmək və bağ-bostan əldə etmək fikrində olma, çünki Allah-taala buyurur:  "(Ey qafil insanlar! Mal-dövlət, oğul-uşaq və qohum-əqrəba) çoxluğu ilə öyünmək sizi (Allaha ibadət etməkdən, axirət üçün çalışmaqdan) yayındırdı.” 83

24-Malına sələm qatanın günahı anası ilə zina edən şəxsin günahından böyükdür. Allah yanında şərab içən şəxs (istər az içsin, istərsə də çox) sələm yeyəndən pisdir və şərab bütün günahların açarıdır.

25-Yaxşı əməl sahiblərinə zülm edib, çirkin işlərlə məşğul olanlara yardım edən, haqqı batil, batili isə haqq kimi qələmə verənlərin məqsədləri məhz dünyadır. Onlar özlərinin əyri yolda olduqlarını yaxşı bilirlər, lakin Şeytan onların pis əməllərini gözlərində zinətləndirmiş və nəticədə haqq yoldan azdırmışdır. Onların yeri cəhənnəmdir!

26-Günaha batmaqdan həzər et. Günahın ləzzəti şərabın ləzzətinə bənzəyir, hətta ondan da pisdir.

27-Əməlləri Allaha xatir və ixlasla yerinə yetir; çünki Allah-taala ixlasla yerinə yetirilməyən heç bir əməli qəbul etməz.

28-Dünyanın nemət və ləzzətlərindən, alçaq və ucalıqlarından əl çək, onlardan qorunub saxlanmaq üçün hazırlaş; çünki onların hamısından sorğu-sual olunacaqsan. Allah-taala bu barədə buyurur: "O gündə (qiyamətdə) nemətlərdən hökmən sorğu-sual olunacaq.”

29-Oruc tutmadığın və gecə namazı qılmadığın halda, camaat səni (bu xüsusiyyətlərlə) təriflədikdə xoşhal olma. Dünya və onun ləzzətləri səni axirət aləmi haqqında fikirləşməkdən saxlamasın. Onları özün üçün oyun-oyuncaq qərar vermə.

30-Çoxlu yaxşı və saleh əməllər yerinə yetir, günaha və ona mürtəkib olmağa doğru tələsmə, tövbəni təxirə salma. Ardı var...

baxılma sayı: 59