«Quran» və hədislər baxımından sözgəzdirənin aqibəti necə izah olunur?!

«Qurani-Məcid»də söz gəzdirməklə  camaat arasında kin-küdurət və ədavət alovunu şölələndirən şəxslərə xəbərdarlıq edilib cəhənnəm əzabı ilə qorxudulur. Orada Əbu Ləhəbin Ümmü Cəmil adlı zövcələrindən biri barədə buyurulur:

"Onun odun daşıyan övrəti də həmçinin (cəhənnəmlikdir)" («Təbbət»-4).

Fəxr Razi Əbu Ləhəbin zövcəsinə niyə görə "həmmalət-əl-hətəb" (odun daşıyan) deyildiyinin səbəbini dörd məsələ ilə izah etmişdir. Onlardan yalnız ikisini burada qeyd edirik:

     Ümmü Cəmil Peyğəmbər(s) ilə etdiyi düşmənçiliyə görə axşamlar onun yolu üstünə kol-kos, tikan töküb bu vasitə ilə də ona əziyyət edərdi.

     Başqa bir səbəb də budur ki, Ümmü Cəmilin işi-peşəsi söz gəzdirmək olduğundan adını "həmmalət-əl-hətəb" ("odun daşıyan") qoymuşdular.

Hər halda Əbu Ləhəb özü araqızışdıran olduğundan övrəti də sözgəzdirən olub bu sahədə çox çalışırdı. Bacardıqca Peyğəmbər(s) və səhabələrindən söz yığıb müşrik və bütpərəstlərə xəbər çatdırırdı. Buna görə də Allah-təala onu belə adlandırıb cəhənnəm əzabına layiq bilmişdir. Ümumiyyətlə, sözgəzdirənin aqibəti cəhənnəm əzabı ilə sona yetər.

 
Hədislər baxımından sözgəzdirən

Sözgəzdirən islam hədislərində də tənqid olunmuş və cəhənnəm əzabına layiq görülmüşdür. Onlardan bir neçəsini nəzərinizə çatdırırıq:

Sözgəzdirən ən pis adamdır.  Peyğəmbər(s) buyurdu:  -Aranızda kimin ən pis adam olduğunu sizə deyimmi?  Ərz etdilər:  -Bəli, ya Rəsulullah.

  Buyurdu: -Adamların ən pisi o şəxslərdir ki, söz gəzdirib dostlarının arasını vurur, saleh və namuslu adamlara eyib tuturlar.

Həzrəti-Əli(ə) buyurur: "Sizin aranızda ən pis adam odur ki, söz gəzdirib dostların arasını vuraraq namuslu adamlara eyib tutur."

Bir başqa hədisdə Peyğəmbər(s)-dən belə nəql olunur: "... Allah dərgahında ən pis şəxs odur ki, insanlar arasında söz gəzdirərək cəmiyyətdə mütəşəkkilliyi pozur. Belə şəxslərin işi-peşəsi xalq arasında təfriqə salıb saleh və namuslu adamlara eyib tutmaqdır."

baxılma sayı: 53