Allahın nemətləri qarşısında şükür etməyin mümkün olub-olmaması haqda Hz Davud (ə) nə buyurmuşdur?!

  Şükür məqamı haqq yolçularının çatmaq  istədiyi ən dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar çox azdır.
Mərhum Molla Məhəmməd Baqir Məclisi şükür haqqında deyir: «Şükür zahiri və batini nemətin etirafı, nemət sahibini tanımaq və neməti Onun göstərişinə uyğun sərf etməkdir».
İmam Sadiq (ə) buyurur: «Şükür bütün haramlardan çəkinməkdir».

Aşura gecəsi İmam Hüseyn (ə) xütbəsinin sonunda deyir: «Pərvərdigara, bizi şükür edənlərdən qərar ver».
Rağib İsfəhani deyir: Şükrün üç mərtəbəsi var: qəlb şükrü, dil şükrü və əməl şükrü. Qəlb nemət verəni və neməti tanıyır, dil etiraf edir. Neməti Allah buyuran yerlərdə sərf etmək isə əməli şükürdür.

İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: «Ey Musa, Mənə layiq olduğum kimi şükür et». Musa ərz etdi: «Pərvərdigara, şükrünü yerinə yetirdiyim nemət yoxdursa, şükür edən dili Sən əta etmisənsə Sənə layiq necə şükür edim?» Allah-Taala buyurdu: «Ey Musa! Şükür edən dilin də məndən olduğunu bilməklə şükrü yerinə yetirdin».

İmam Hüseyn (ə) ərəfə duasında ərz edir: «Əgər mən və nemətlərini sayan bütün insanlar yalnız bir nemətinin şükrünü yerinə yetirmək istəsək, Sənin tofiqin olmasa bacarmarıq».

Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən».

Yuxarıda deyilənlər dil şükrünə aid idi. Şükrün ən üstün mərtəbəsi isə əməli şükürdür. Həqiqi iman qazanmaq, saleh işlər görmək, gözəl əxlaqa sahib olmaq, bütün haramlardan çəkinmək əməli şükrün nümunələridir.

Mənbə: "Kumeyl duasının şərhi  (1-ci cild)" kitabı

baxılma sayı: 146