Xoşbəxt olmağın 10 formulu

İndiyə qədər xoşbəxtlik haqda çox deyilib, çox yazılıb. Son illər isə xoşbəxtliyin, ümumiyyətlə, nə olduğu, necə olduğu, nə zaman gəlib, nə zaman insanı tərk etdiyi, insanın özünü nə vaxt xoşbəxt hiss etdiyi elmi araşdırmaların predmeti olub. Və müxtəlif elm adamları da apardıqları araşdırmalardan müxtəlif nəticələr çıxarıblar. Bəs, görəsən, xoşbəxt olmaq üçün nə etməli?
Ən populyar 10 nəticəni təqdim edirik.

1. Xeyirxah olun. "Psychological Bulletin"də yayımlanan araşdırmaya görə, özünüz üçün yox, başqaları üçün pul xərcləməyiniz özünüzü daha yaxşı hiss etməyinizə səbəb olur. Ən xoşbəxt insanların paylaşmağı bacaran insanlar olduğunu sübut edən araşdırmaya görə, xeyirxahlıq edərək -başqalarının ehtiyacını qarşılayaraq xoşbəxt ola bilərsiniz.

2. Şükür edin. Pensilvaniya Universitetinin professoru Martin Seliqman hər gecə onu xoşbəxt edən üç yaxşı şeyi yadına salan insanın digərlərindən daha xoşbəxt olduğunu sübut edib. Onun qənaətinə görə, insanı xoşbəxt edəcək şeylərin çox da mühüm şeylər olması vacib deyil. Məsələn, həyat yoldaşınızın sizin sevdiyiniz rəngi xatırlayıb bir köynək alması belə şükür etməyiniz üçün yetərlidir.

3. Təzə şeyləri sınayın. Araşdırmalar göstərir ki, yeniliklər edən, yeni təcrübələr yaşayan və rutin həyatdan çıxmağı bacaran insanlar daha xoşbəxt olurlar. Yeni şeylər sınamaq beyin dalğalarını oyandırır.

4. Hədəflər müəyyən edin. Psixoloq Conathan Freedman qarşısına qısa, yaxud uzunmüddətli hədəf qoyanların digərləri ilə müqayisədə daha xoşbəxt olduqlarını iddia edir.
Viskonsin Universitetindən Riçard Devidson isə deyir ki, hansısa məqsəd naminə çalışmaq müsbət emosiyalar oyadır insanda.

5. Bitərəf olun. "Ultimate Happiness Prescription" adlı kitabın müəllifi Deepak Çopra yazır ki, xoşbəxt olmaq üçün tərəfsiz olmaq lazımdır: "Əgər öz mövqeyinizi müdafiə etməyi dayandırsanız, enerjinizin 99 faizinə qənaət edərsiniz və daha çox xoşbəxt olarsınız".

6. İnanclı olun. Aparılan yeni araşdırmalara görə inanclı insanlar inancları olmayanlara nisbətdə həyatlarından daha məmnun və xoşbəxtdirlər.
Melburn Universitetindən Bruk Hadeyin 25 illik araşdırmasının nəticəsində bəlli olub ki, inanclı insanlar karyera narahatlığından uzaqdırlar və ruhən daha stabildirlər.

7. Azı 6 saat yatın. İngiltərədə aparılan bir araşdırma göstərir ki, gündə ən az 6 saat 15 dəqiqə davamlı olaraq yatmaq insanın xoşbəxt olmasında böyük əhəmiyyət daşıyır.

8. On yaxşı dostunuz olsun. Notingem Universitetinin araşdırmasına görə, ən azı 10 yaxşı dosta sahib olduğunu deyən yetkin insanlar beşdən az dostu olanlara nisbətdə daha xoşbəxtdirlər. Özünüzü daha xoşbəxt hiss etməyiniz üçün dost çevrənizi genişləndirməyiniz lazımdır.

9. Tez-tez gülümsəyin. Gülümsəmək və xoşbəxt insan kimi davranmaq insanda müsbət emosiyalar yaradır. Durduğunuz yerdə, heç bir səbəb olmadan gülümsəsəniz, əhvalınız düzələcək. Bu da araşdırma nəticəsidir.

10. Romantik olun. Münasibətlərin xoşbəxtliyə çox böyük təsiri var. Kornell Universitetində aparılan araşdırmaya görə, sevgi münasibəti olan insanlar olmayanlarla müqayisədə daha xoşbəxtdirlər.

baxılma sayı: 261