Peyğəmbər (s) besətdən və Quran nazil olmazdan qabaq namaz qılırdımı?

Peyğəmbər (s) besətdən və Quran nazil olmazdan qabaq namaz qılırdımı? Əgər namaz qılırdısa, onun namazı necə idi?  Besətdən sonra namaz dəyişmişdirmi?

Əllamə Təbatəbai "Ələq" surəsini şərh edərkən bu məsələyə aydınlıq gətirir və yazır:

"Ayələrin konteksti göstərir ki, Peyğəmbər (s) besətdən öncə də Allahla minacat edər, namaz qılarmış". Əlbəttə, gündəlik namazlar özünəməxsus şəkildə iki rəkətli idi və sonradan vacib oldu. Bəzi dəlillərə görə, meracdan öncəki namazlarda bir qədər Quran tilavəti və səcdə var idi. Bəzi rəvayətlərə görə, Peyğəmbər (s) besətin əvvəllərində Əli (ə) və Xədicə ilə birlikdə namaz qılarmış" (Seyid Məhəmməd Hüseyn Təbatəbai, "Təfsir əl-mizan", c. 20, səh. 551).
İmam Rza (ə) namazın rəkətlərinin sayı və onun dəyişməsi prosesi haqqında buyurur:

"Namazın özü bir rəkətdir. Çünki əsl ədəd birdir. Buna görə də namaz bir rəkətdən az olsa, artıq namaz deyil. Amma Allah-Taala bəndələrinin o bir rəkəti tam olaraq qıla bilməyəcəklərini bildiyindən ona bir rəkət də əlavə etdi ki, ikinci rəkət birinci rəkətin qüsurlarının yerini doldursun. Beləcə namaz iki rəkət oldu" ("İləl əş-şərai", c. 1, səh. 261).

  Bir hədisdə İmam Səccad (ə) namazın keyfiyyəti və dəyişməsinin səbəbinə toxunaraq buyurur: "Mədinədə islama ümumi çağırış başlandıqda, islam gücləndikdə və Allah cihadı müsəlmanlara vacib etdikdə Peyğəmbər (s) gündəlik namazlara yeddi rəkətini də əlavə etdi. Bu gedişlə iki rəkət zöhr namazına, iki rəkət əsr namazına, bir rəkət şam namazına, iki rəkət də işa namazına artırıldı. Sübh namazını isə Məkkədə vacib edildiyi şəkildə saxladı və bir şey əlavə etmədi" ("Mən la yəhzuruhu əl-fəqih", c. 1, səh. 455).


Sonda bir məqamı xatırlatmaq zəruridir ki, namazın rəkətlərini artırmaq Allahın əmri, izni və Peyğəmbərin (s) vasitəsi ilə baş vermişdir. Çünki Peyğəmbər (s) Allahın əmrlərini icra edirdi və Allah tərəfindən olmayan bir şey söyləmirdi:

"O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir" ("Nəcm", 3-4). Islamaz.

baxılma sayı: 315