Bəzi Bəlalarin Səbəbi

Son dövrün tanınmış ariflərindən olan Şeyx Rəcəbəli Xəyyat haqqında qəribə əhvalatlar nəql edib deyirlər ki, şeyx insanın başına gələn hər müsibətin məna aləmində səbəbini görə bilirmiş. Şeyxin şagirdlərindən biri aşağıdakı əhvalatı bu şəkildə nəql edir:
Bir nəfərin başı zərbədən yarılmışdı. Onu Şeyxin yanına gətirirlər ki, baxıb görsün nə iş tutub ki, bu günə düşüb. Şeyx ani sükutdan sonra deyir: “İşlədiyin zavodda bir uşağa əziyyət etmisən. Əgər uşağın könlünü almasan başına hələ çox müsibət gələcək.”
Başı yarılmış adam Şeyxin sözlərini təsdiqləyib deyir: “Sahə rəisinin oğlu gəlib mənə yersiz irad tutdu, mən da acıqlanıb ona dedim ki, burnunu hər yerə soxmasın.
Axşam maaşı almağa gedəndə həmin uşaq gözümə sataşdı. Günorta baş verən əhvalat yadıma düşdü, bərk dilxor oldum. Əsəbiləşib yersiz yerə uşağa bir-iki ilişdirdim, o yazıq da ağladı.”
Şeyx dedi: “Boş yerə sizin başınıza bəla gəlmir. Get, nə qədər ki, bundan betərinə düçar olmamısan uşaqdan halallıq al.”
Həmçinin, Şeyxin yaxın dostlarından biri nəql edib deyir: “İki yaşlı uşağım özünü saxlaya bilməyib xalçanın üstünə batırmışdı. Anası əsəbiləşib bunun üstündə uşağa necə bir sillə çəkdisə, az qaldı körpənin nəfəsi kəsilsin. Bir saat sonra yoldaşımın qızdırması qalxdı. Get-gedə halı pisləşməyə başladı. Sabahısı, axşam çağı Şeyxi öz maşınımla yas məclisinə aparırdım. Yoldaşım da maşında idi. Yol əsnasında Şeyxə dedim: “Cənab Şeyx! Dünənnən yoldaşımın qızdırması qalxıb, hələ də düşmür.”
Şeyx dedi: “Olar da! Uşağı o cür vurmazlar ki! İstiğfar et, uşağa bir şey al apar, bəlkə könlünü ələ ala bildin.”
Şeyx deyən kimi etdik, dərhal qızdırma kəsildi.”
(Məhəmməd Reyşəhri. “İxlas mücəəssəməsi”, səh, 64.) 

baxılma sayı: 290