Axund Xorasani (r) təvazökar müəllim.

Təvazökar müəllim

XIX əsrin ən böyük müctəhidlərindən olan Axund Xorasaninin Nəcəf şəhərindəki dərsləri çox izdihamlı keçərmiş.
Deyilənlərə görə, onun dərs məclislərində iştirak edən 1200 tələbənin ən azı 500 nəfəri gələcəkdə yüksək səviyyəli müctəhid kimi tanınmışdı. Axund Xorasaninin gur səsi vardı, heç bir səsucaldıcı vasitədən istifadə etmədən səsini hamıya çatdıra bilirdi. Onun vüqar və əzəməti qarşısında tələbələr özlərini kiçik sayardılar, ustada etiraz etmək, sözünə düzəliş vermək ağıllarına gəlməzdi.
Bir gün dərs zamanı tələbələrdən biri – o zamanlar çox gənc olan, sonralar isə nəhəng mərceyi-təqlid kimi tanınacaq Seyyid Hüseyn Birucerdi – müəllimin sözünə düzəliş vermək cəsarətini özündə tapır. Tələbələr yerbə-yerdən onu danlamağa başlayırlar. Hamı gözləyirdi ki, tələbənin bu hərəkəti Axund Xorasaninin acığına gələcək və onu danlayacaq. Amma gözləntilərə rəğmən, müəllim tələbədən xahiş edir ki, sözünü təkrar etsin. Seyyid Hüseyn Birucerdi işkalını (etirazını) bir də söyləyir.
Axund Xorasani onu diqqətlə dinləyir, sözünün doğru olduğunu anlayınca minbərdə ayağa qalxır və hamının eşidəcəyi uca səslə deyir: “Allaha şükür olsun ki, ölmədim bu günü gördüm. Allah mənə öz şagirdimdən bəhrələnməyi nəsib etdi”.islam.az

baxılma sayı: 176