Həzrət İsa (ə) və Azir

İsanın Azir adlı bir dostu vardı. Onu çox sevirdi. O, imanlı bir cavan idi. Bir gün İsa əhvalını soruşmaq üçün Azirin evinə getdi. Anası ağlayaraq çıxdı və dedi: -Azir dünyadan köçüb və üç gün qabaq torpağa tapşırılmışdır. İsa buyurdu: -Onu görmək istəyirsənmi? O cavanın imanlı anası dedi: -Hə, ey Allahın Ruhu! -Sabah gələrəm və Allahın izni ilə onu dirildərəm. Səhər tezdən İsa gəlib, o cavanın anasına buyurdu: -Mənimlə oğlunun qəbrinin başına gəl. Məryəm oğlu İsa qəbrin qarşısında dayandı. Başını göyə qaldırıb, həyat bağışlayan Allahın dərgahına ağladı və sonra ürək yanğısı ilə səslədi: -Ey Azir! Yuxudan oyan! Birdən torpaqlar kənara çəkildi. Qəbir yarıldı. Azir torpağın içindən çıxdı. Ana övladını qucaqladı. Gözlərindən sevinc yaşları axdı. Məsih o cavana buyurdu: -Ananla qalmaq istəyirsənmi? Azir dedi: -Bəli, ey Allahın seçilmiş məxluqu. Məsih buyurdu: -Allah-təala sənə yenidən ömür əta etmişdir. Tezliklə, evlənəcəksən. Allah sənə saleh övladlar verəcəkdir. 

baxılma sayı: 313