İstixarənin qaydalarından yazın?

İstixarənin qaydaları: Bu barədə məlumatlar zəngin və rəngarəngdir. Quranla istixarənin bir neçə növü kitablarda təsvir edilib:

  1-Ən sadə üsul belədir: Üç dəfə İxlas surəsi oxuyub, üç dəfə Peyğəmbərə və nəslinə salavat söylədikdən sonra deyilir: «Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh» (Salamatçılıq içində Allahın mərhəməti ilə Ondan xeyir istəyirəm). Daha sonra Qurani-kərimi açıb, sağ tərəfdəki səhifənin ilk ayəsini oxumaq və hansı məna daşıdığını müəyyən etmək lazımdır. Əgər insan ayənin müsbət yoxsa mənfi məna ifadə etdiyini anlamağa çətinlik çəkirsə, bunun üçün nəzərdə tutulmuş xüsusi istixarə kitablarına myraciət etməlidir. Həmin kitablarda Quranın hansı səhifəsini açarkən hansı nəticə çıxdığı barədə məlumat verilir. Hətta bəzi Quran nüsxələrinin sağ tərəfdəki (tək saylı) səhifələrinin hər birində istixarənin nəticəsi qeyd edilir.

 2-Təsbehlə istixarənin qaydaları da müxtəlifdir. Qaydalardan biri budur ki, Fatihə və Qədr surələrinin hər birini 10 dəfə oxuduqdan sonra dua kitablarında qeyd edilən və «Allahümmə inni əstəxirükə li-ilmikə...» sözləri ilə başlayan duanı oxuyurlar. Daha sonra təsbeh dənələrindən bir ovuc ayırıb cüt-cüt sayırlar. Axırda tək dənə qalsa, nəticə müsbətdir. Cüt dənə qalsa, mənfidir.
 3-Püşklə istixarə etmək istəyən şəxs 6 ədəd kağız parçası götürüb, bunların üçünə yazır: «Bismillahir-Rəhmanir-Rəhim. Xiyərətən minəllahil-əzizil-həkim li-fülan ibn fülan, ifəl». (Rəhman və Rəhim Allahın adı ilə. Filankəsin oğlu filankəs üçün xeyir izzət və hikmət sahibi olan Allahdandır. Bunu et). «Fülan ibn fülan» ifadəsinin yerinə istixarə edən şəxs öz adını yazır. Qalan üç kağıza da eyni duanı yazıb, axırdakı «ifəl» sözünü «la təfəl» (bunu etmə) ifadəsi ilə əvəz edir. Sonra həmin kağızları səccadənin altına qoyub iki rükət istixarə və ya hacət namazı qılır. Namazdan sonra səcdəyə gedib 100 dəfə deyir: «Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh». Sonra diz üstə oturub bu duanı oxuyur: «Allahümmə xir li fi cəmii ümuri fi yüsrin minkə və afiyəh» (Allahım, bütün işlərimdə mənə öz tərəfindən asanlıq və salamatçılıqla xeyir ver). Püşk kağızlarını qarışdırıb bir-biri götürmək lazımdır. Əgər «bunu et» yazılmış 3 kağız dalbadal çıxsa, deməli, həmin işi etmək məsləhətdir. Əgər 3 dəfə ardıcıl olaraq «bunu etmə» sözü çıxsa, o işdən çəkinmək lazımdır. Əgər kağızlar qarışıq çıxsa, 5 kağızı çəkdikdən sonra nəticəsinə baxırlar; hansı tərəf çoxdursa, ona əməl edirlər.
 4-Dini mənbələrdə «istixarə namazı» adlı namaz növü də qeyd edilib. Hər hansı məsələ barədə qəti qərara gələ bilməyən adam istixarə niyyətilə 2 rükət namaz qılır. Bu namazın qılınma qaydası sübh namazı kimidir. Namazı qılıb qurtardıqdan sonra Həzrət Fatimənin (ə) təsbihatını oxuyub səcdəyə getmək və səcdədə 100 dəfə demək lazımdır: «Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh». Bundan sonra Allah insanın qəlbinə həmin çətin vəziyyətdən çıxış yolunu ilham edir. İnsan öz ürəyinin səsinə qulaq asıb, həmin yolu seçməlidir.ixlas

baxılma sayı: 194