Namazı nə qədər uzatmaq olar?

Bunun üçün dəqiq bir vaxt göstərilməyib. Əsas olan budur ki, insan namaz əməllərini tam və kamil şəkildə, tələsmədən yerinə yetirsin; necə deyərlər, namazın haqqını versin. Bu mənada hər kəs xasiyyətindən, yaşından, sağlamlıq dərəcəsindən, dini savadından asılı olaraq namazı müxtəlif vaxt uzunluğunda qılır.Namaz əməllərini tələsərək, yarımçıq və səliqəsiz icra etmək bəyənilmir. Rəvayətlərdə oxuyuruq ki, Həzrət Mühəmməd Peyğəmbər (s) namazı tələskənliklə qılan adamları danlayır və bəzən namazı yenidən qılmalarını tapşırırdı. Həmçinin, o həzrət bu cür adamların səcdəsini qarğanın yeri dimdikləməsinə bənzədirdi. Bunu da qeyd edək ki, camaat namazına imamlıq edən şəxsin namazı həddən artıq uzatmaması tövsiyə edilir. Arxasında xəstə, qoca, vacib işi olan adamların, hətta evdə körpə uşaq qoyub gələn qadınların durması ehtimalını nəzərə alaraq, imam namazı orta sürətlə, nə çox tez, nə də çox gec qılınsa, yaxşıdır.

baxılma sayı: 269