Bir dəfə dəstəmaz almaqla neçə namaz qılmaq olar?

Dəstəmaz namaz qılmaq üçün tələb olunur, dəstəmazsız namaz qılmaq batildir. Amma bir dəfə dəstəmaz aldıqdan sonra bu dəstəmaz pozulana kimi istənilən qədər namaz qılmaq, Quran oxumaq, Quran xəttinə toxunmaq olar. Dəstəmazı pozan hallar şəriət kitablarında (risalə və ilmihallarda) təsvir edilib. Qısaca deyək ki, ayaqyoluna getmək, bədəndən yel çıxarmaq, cinsi əlaqədə olmaq, hər hansı yolla bədəndən məni xaric etmək, huşunu itirmək və yatmaq yaxud hissiyyatı itirəcək dərəcədə mürgüləmək dəstəmazı batil edər. Bu kimi hallarda mütləq ya qüsl aldıqdan, ya da dəstəmazı təzələdikdən sonra namaz qılmağa icazə verilir. Bu hallar baş verməyincə dəstəmaz pozulmuş sayılmaz. Əlbəttə, bunun üçün diqqət yetirmək lazımdır ki, dəstəmaz alarkən konkret bir əməl niyyət edilməsin. Yəni əgər konkret olaraq sübh namazını qılmaq üçün dəstəmaz almaq niyyəti edilirsə, həmin dəstəmazla sübh namazından başqa namaz qılmaq olmaz. Amma əgər məsələn, ümumilikdə pak olmaq niyyəti ilə dəstəmaz alınarsa, o pozulana kimi istənilən ibadəti icra etmək icazəlidir.

baxılma sayı: 229