Əhli-Beyt (ə) məktəbində imanlı adama borc vermək təkid olunmuş müstəhəb əməllərdəndir. Xüsusi ilə ehtiyacı olan möminlərə borc vermək tövsiyə olunur. Rəvayətlərdə belə bir borc sədəqədən üstün sayılır. Təəssüf ki, bəzən borcla bağlı qaydalara düzgün əməl etmədiyimizdən bu işdən zərər görürük. Sonradan isə bunun günahını bilərəkdən və bilməyərəkdən başqalarının adına yazırıq. 

Bəli, imanlı şəxsə borc vermək müstəhəbdir. Sədəqə kimi savablı bir əməldən belə bir borcun üstün tutulması ciddi işarədir. Əlbəttə, bu o zaman olur ki, borcla bağlı vəzifələrimizə, borc şərtlərinə düzgün əməl etmiş olaq. Bütün işlər kimi borcda da şərtlərə əməl olunmayanda xeyir əvəzinə zərərə düşürük. Bəqərə surəsinin 282-ci ayəsində oxuyuruq: “Ey iman gətirənlər, müəyyən müddətə bir-birinizə borc verib-aldıqda onu yazın. Bunu aranızdan olan bir nəfər ədalətli şəxs yazsın. Yazan şəxs Allahın buyuruğuna riayət etsin. Borclu olan şəxs borcunu dilə gətirərək yazdırsın. Allahından qorxaraq ondan əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə, danışmaq qüdrəti yoxsa, onun əvəzinə vəkili ədalətlə bunu dilə gətirib yazdırsın. Aranızdan iki kişi şahid tutun. İki kişi olmasa bir kişi ilə iki qadının şəhadəti bəs edər. Əgər onlardan biri unudarsa, o biri onların yadına salsın. Şahidlər dəvətdən boyun qaçırmasınlar. Az ya çox olmasına baxmayaraq borcun nə vaxta qədər verildiyini yazmağa tənbəllik etməyin. Sizin bu işiniz Allah üçün daha ədalətli, şahidlik üçün daha düzgün, şübhəyə düşməməyiniz üçün daha münasibdir. Amma aranızda daimi alış-veriş zamanı onu yazmamağınız günah deyil. Alış-verişdə şahid tutun. Amma yazana və şahidə zərər dəyməsin. Əgər zərər dəysə bu sizin üçün pisdir. Allahdan qorxun, Allah sizə öyrədib. Allah bütün işləri biləndir.” Borcla bağlı bu Quran ayəsində kifayət qədər məlumat verilib. Quranda borcun şərtlərinin bildirilməsi borc verən və alan şəxs üçün vəzifələr yaradır. Əgər bu qaydalara əməl edilsə, təbii ki, belə savablı işin sonunda peşmançılıq olmaz. Təbii ki, borcun qaydaları haqqında Əhli-Beyt (ə) buyuruqları da var. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə verməyin 10, borc verməyin 18, din qardaşları ilə rabitənin 20, sileyi-rəhimin 24 savabı var. Sileyi-rəhim dedikdə qohumlar, yaxınlarla əlaqə, vaxtlı-vaxtında onları yoxlamaq nəzərdə tutulur.” Rəvayətdən göründüyü kimi borc verməyin savabı sədəqə verməyin savabından daha böyükdür. Biz adətən maddiyyata daha çox diqqət yetirdiyimizdən sədəqənin daha böyük savaba malik olduğunu düşünürük. Amma rəvayətdən göründüyü kimi İslam mənəvi işlərə, məsələnin mənəvi tərəfinə daha çox əhəmiyyət verir. 

İmam Sadiq (ə) buyurur: “Halal yolla qazanmaq istəməyən, borcunu verib ləyaqətini qorumağa çalışmayan insanda xeyir yoxdur.” Demək, din o insanı xeyirli insan sayır ki, halal qazanca rəğbətli olsun. Əgər borcu varsa halal yolla qazanıb borcunu ödəsin. Təbii ki, borcu yubatmaq insanın ləyaqətinə mənfi təsir göstərir. Beləcə, insan çalışıb halal qazancla borcunu ödəyərsə, şəxsiyyətini qorumuş olar. 

Həzrət Peyğəmbər (s) buyurur: “Kim xalqdan bir şey alsa və onu geri qaytarmaq fikri olmasa, Allah əvəzini qaytarar. Kim xalqdan bir şey alıb aldığını tələf etmək istəsə Allah onun özünü tələf edər.” Demək, borc verən insan savab qazanır və qarşı tərəf borcu qaytarmasa belə Allah onun əvəzini verir. Digər tərəfdən, bir şəxs qaytarmamaq niyyəti ilə borc aldıqda Allah özü onun cəzasını verir. 

Həzrət Peyğəmbər (s) buyurur: “Allah borc alanın yardımçısıdır. Allah bu şəxs borcu Allahın razılığından kənar iş üçün almayıbsa, onu qaytarmaqda kömək edər.” Təəssüf ki, bəzən borclunun borcunu qaytara bilməməsinin səbəbi onun borcu Allahın razılığı olmayan bir iş üçün alması olur. Rəvayətdən göründüyü kimi, borcun qaytarılmasında onun halal iş üçün alınması şərtdir. Borc halal iş üçün alınıbsa, Allah-Taala özü bu borcu qaytarmaqda borcluya kömək edir. 
Həzrət Peyğəmbər (s) buyurur: “Kim çətinliyə düşən bir şəxsə borc versə, borcu geri almaqda xoş rəftarlı olsa, Allah onun hər bir dirhəminin müqabilində behiştdə böyük sərvət əta edər.” Bəli, borc verərkən, onu geri alarkən, borc yubandığı zaman xoşrəftarlı olmağın savabı çox böyükdür. Borc verən adam özünü borc verdiyi adam qarşısında üstün tutmamalı, qarşı tərəfə yuxarıdan aşağı baxmamalıdır. 

Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlman qardaşın borca ehtiyacı olduğu zaman ona borc verməyə imkanı çatan, amma borc verməyən şəxs behişt ətrinə həsrət qalar.” Təbii ki, belə bir böyük savab borc qaydalarının nəzərə alınmaması mənasında deyil. İstənilən bir şəraitdə borcun Quran ayələri və rəvayətlərdə buyurulan şərtlərinə əməl etmək lazımdır. 

Həzrət Peyğəmbər (s) buyurur: “Borc alan şəxsə borcunu təxirə salmaq yaxşı olmadığı kimi, borc verən şəxsə də imkanı çatmayan adamdan borcu tələb etmək yaxşı deyil.” İmam Riza (ə) buyurur: “Borcu alarkən onu vaxtında qaytarmaq məqsədi olan şəxsə Allah yardımçıdır. Allah kömək edər ki, belə bir şəxs borcunu qaytarsın. Amma borcu alarkən onu qaytarmaq məqsədi olmayan oğru sayılır.” 

Həzrət Peyğəmbər (s) buyurur: “Kim duasının qəbul olmasını, qəm-qüssəsinin aradan qalxmasını istəyirsə, borcu qaytarmağa imkanı olmayana möhlət versin.” 
Həzrət Peyğəmbər (s) buyurur: “Az borc al ki, azad olasan.” Hədisdən aydın görünür ki, borc almaq insanın azadlığına təsirlidir. Buna görə də ən çətin vəziyyətlərdə, çıxılmaz şəraitlərdə borc almaq olar. Bir şəxsin zəruri ehtiyacı olmadan borc alması yaxşı sayılmır. 

İmam Sadiq (ə) buyurur: “Bir pulu bağışlamaqdansa, borc verməyi üstün tuturam.” İslam insanları təlaşa, halal ruzi qazanmağa təşviq edir. Bir insanın insanlıq səciyyələrindən biri də onun halal ruzi qazanmasıdır. İslam müftəxorluğa, tənbəlliyə qarşıdır. Hədisdən alınan nəticə budur ki, pulun bağışlanması qarşı tərəfdə ruzi qazanmaq təlaşını zəiflədə bilər. Amma borc alan insan onu qaytarmaq üçün halal ruzi dalınca gedir. 
Əbu Musa deyir: İmam Sadiqdən (ə) soruşdum ki, borc alıb həccə getmək olarmı? İmam müsbət cavab verdi. Soruşdum ki, borc alıb evlənmək olarmı? İmam buyurdu ki, bəli, borc alın, ailə qurun və gecə-gündüz Allahdan ruzi gözləyin. 

İmam Sadiq (ə) buyurur: “Əgər borc alan şəxs əvvəlcədən razılaşma olmadan borcunu qaytararkən aldığından artıq qaytararsa bu pul halaldır. Amma bu halda borc verən şəxs borc vermək savabından məhrum olur.” 
Həzrət Əli (ə) buyurur: “İmkanlı olduğun zaman səndən borc alan, imkansız olduğun zaman (qiyamətdə) borcunu qaytaran şəxsi qənimət say.” Hədisdə dərin mənalı nöqtələr var. Burada imkanlı və imkansız dedikdə dünya həyatındakı imkan nəzərdə tutulmayıb. İmkanlı deyərkən həyatda olmaq, imkansız deyərkən artıq həyatdan əlin üzülməsi nəzərdə tutulub. Bir şəxs borc verir və borclu borcunu qaytara bilmir. Bu şəxs həmin borclu ilə xoş rəftar etsə qiyamətdə Allahdan əvəzini alır. Demək, qiyamət günü imkansız olduğu zaman dünyada verdiyi borcun əvəzinə çatır. 

Həzrət Peyğəmbər (s) buyurur: “Borc iki növdür: Borcunu qaytarmaq fikri olduğu halda dünyadan gedən şəxsin hamisi mən olacam. Bir şəxs borcunu qaytarmamaq fikri ilə dünyadan getsə həmin borca görə onun yaxşı əməllərindən azaldılar. Çünki həmin gün pulla yox, əməllə müamilə olunar.” 
Həzrət Əli (ə) buyurur: “Borc yükü altına girməyin. Borcluluq gündüz xarlıq, gecə qəm-qüssədir. Dünya və axirətdə onun çətinliyi var.” Həzrət Əli (ə) buyurur: “Boyük borc doğru danışanı yalançı, sədaqətli insanı vədinə əməl etməyən adama çevirər.” Həzrət Əli (ə) buyurur: “Borcluluq bir növ bəndəlikdir. Buna görə də öz ixtiyarını sənin haqqını tanımayan birinə vermə.” Rəvayətdə nəzərdə tutulub ki, borc alanda hər adamdan borc almayasan. Elə olmaya ki, borcunu vaxtında qaytara bilməyəndə həmin şəxs qapında dayanıb səni alçaltsın.

Əli ibn Cəfər deyir: İmam Kazimdən (ə) 100 dirhəm borc verib, 105 dirhəm əvəz alan şəxs haqqında soruşdum. Buyurdu ki, bu əməl şübhəsiz ribadır. 
İmam Sadiq (ə) buyurur: “Üç şey insana qarşı məhəbbət yaradar: borc vermək, təvazökarlıq, hədiyyə.” 
İmam Hüseyn (ə) buyurur: “O şəxsə ağız aç ki, onda üç xüsusiyyət olsun: Dindarlıq, mürüvvət, əsil-nəcabət.”  Vilayet.nur