İnsan 7 il xalis niyyətlə azan desə, Qiyamət günü heç bir günahı qalmaz

    Azan demək – müqəddəs şəriətimizdə bəyənilən əməllərdəndir. Bu əməlin içində çoxlu fəzilət və bərəkətlər vardır. Hətta ixlasla azan verməklə Allahın izni ilə bəzi müşküllər öz həllini tapa bilir. Bu əməlin fəzilət və bərəkətləri ilə bağlı mötəbər hədislərimizin bəzilərinə nəzər salaq və özümüzü bu mübarək əməldən məhrum etməyək. İmam Sadiq (ə) buyurur: "Hər bir azan üçün Allah Təala bir külək təyin edir ki, onu səmaya qaldırsın. Səmada mələklər azanın səsini eşidib və deyərlər: "Bu Muhəmməd (s) peyğəmbərin ümmətinin səsi və bu tohid səsidir". Sonra isə mələklər ümmət üçün Allahdan bağışlanma diləyərlər".

İmam Sadiq (ə) buyurur: "Bir şəxs əgər qırx gün ət yeməsə, onun əxlaqına mənfi təsir qoyar. Bu şəxs ya gedib borc ilə ət alıb yesin və yaxud da onun qulağına azan oxuyun". Gördüyümüz kimi, insanın əxlaqına mənfi təsir edən amilin aradan qaldırılması azan oxumaqla həyata keçir.

Digər hədisdə belə buyurulur: "Bir nəfər yeddi il Allaha yaxınlaşmaq üçün azan desə, Qiyamət günü heç bir günahı qalmaz". Bəlli olur ki, “qürbətən iləllah” niyyətilə 7 il azan demək insanı günahdan paklaşdırır. Yəni bu mübarək əməli xalis niyyətlə davamlı yerinə yetirmək, insanın İlahi dərgahda pak durumda olmasına gətirib çıxarır.

Hişam ibn İbrahim adlı bir şəxs İmam Rzaya (ə) xəstəliyi və övladının olmaması ilə bağlı şikayət edir. İmam Rza (ə) ona buyurur: "Öz evində ucadan azan ver". Hişam ibn İbrahim buyurur ki, mən bu işi etdim və Allah Təala xəstəliyimə şəfa verdi və mənə çoxlu övlad nəsib etdi.

Digər hədisdə Süleyman ibn Cəfər adlı ravi deyir: "İmama (ə) dedim ki, yatarkən məni yuxuda boğurlar və səslər eşidirəm". İmam (ə) mənə buyurdu: "Öz evində azan ver". Yəni ki, azanın bərəkətinə Allah Təala Süleyman ibn Cəfərin müşkülünü həll etsin.

İmam Əli (ə) buyurur: "Azan verilən vaxtı dua etməyi qaçırmayın". Yəni ki, dualar azan vaxtı qəbul olar.

Ola bilsin ki, bir kəsin azan verməyə yaxşı avazı olmasın və özünü bu cür fəzilətli əməldən məhrum etsin. Azan verməkdə yaxşı avazın olması şərt deyildir və adi halda da azanı demək olar. İltimasi dua.  Allahverdi Əlizadə

baxılma sayı: 332