Müsafir namazının hökmləri

Müsafir namazının hökmləri: 

1. Səfərdə dörd rəkətli namazların qəsr qılınması.
Səfərdə dörd rəkətli namazlar müəyyən şərtlərlə qəsr yəni, iki rəkət qılınmalıdır.

Diqqət:  Dörd rəkətli namazlar, yəni, zöhr, əsr və işa namazları səfərdə qəsr qılınır. Sübh və məğrib namazları qəsr qılınmır.·

2. Müsafir namazının şərtləri. Səfərə çıxan şəxs, yəni, müsafir 8 şərtlə dörd rəkətli namazları iki rəkət qılmalıdır:

I. Müsafir şəri məsafəni qət etməlidir. Yəni, ya getdiyi, ya qayıtdığı, ya da gedib-qayıtdığı məsafə ən azı 8 fərsəx olmalıdır.

II. Müsafir səfərə çıxarkən 8 fərsəx məsafəni qət etmək niyyətində olmalıdır.

Deməli, əgər müsafır əvvəlcədən 8 fərsəx məsafəni qət etmək niyyətində olmasa, başqa sözlə desək, 8 fərsəxdən az bir məsafəni qət etməyi nəzərdə tutsa və nəzərdə tutduğu məkana çatdıqdan sonra başqa bir yerə səfər etmək qərarına gəlsə, bu halda əgər səfər edəcəyi növbəti məkanla səfər etdiyi məkan arasındakı məsafə şəri məsafədən az olsa, hətta öz mənzilindən ora qədər olan məsafə şəri məsafə qədər olsa belə namazını tam şəkildə qılmalıdır.

III. Müsafir yola çıxdıqdan sonra şəri məsafəni qət etmək niyyətindən dönməsin. Beləliklə, əgər yola çıxdıqdan sonra dörd fərsəxi qət etməmiş fikrindən dönsə və ya tərəddüd etsə, müsafir hökmündə deyildir. Hərçənd ki, niyyətindən dönməmişdən öncə qəsr qıldığı namazlar düzdür.

IV. Müsafir vətənindən və ya on gün qalacağı bir yerdən keçməklə məsafəni kəsməməlidir.

V.Səfər, şəri baxımdan halal olmalıdır. Əgər səfər, günah və haram olsa, istər səfərin özü haram olsun, məsələn, cihaddan qaçmaq, istərsə də haram bir iş üçün səfər etsin, məsələn, oğurluğa getmək, belə səfər şəri baxımdan səfər hökmündə deyil və namaz tam qılınmalıdır.

VI.Sabit yaşayış yeri olmayan və köçəri həyat tərzi sürənlərin səfəri şəri baxımdan səfər hökmündə deyildir.

VII.Sürücü, gəmiçi və s. bu kimi daim səfər etmək insanın peşəsi olmasın. İşi səfərdə olan şəxs də bu qəbildəndir.

VIII. "Tərəxxüs həddi”nə çatmalıdır. Tərəxxüs həddi o məkana deyilir ki, orada artıq şəhərdə çəkilən azanın səsi eşidilmir və şəhər divarları da görünmür. Böyük ehtimalla azan səsinin eşidilməməsi tərəxxüs həddini təyin etmək üçün kifayət edir. /namaz.ge

baxılma sayı: 284