Aşura gecəsinin 5 mühüm hadisəsi:

Aşura gecəsinin 5 mühüm hadisəsi.
1. Aşura gecəsi İmam Hüseynin (ə) tərəfdaşlarından biri olan Muhəmməd ibni Bəşir Həzrəmiyə xəbər verirlər ki, oğlun Rey sərhədində əsir düşmüşdür. O, cavabında demişdi: “Onun və özümün müsibət savabını Allah Təaladan istəyirəm. Sevmirəm ki, oğlum əsir olsun və mən sağ qalım”. İmam Hüseyn (ə) bu sözləri eşidib buyurdu: “Allah səni bağışlasın, mən beyətimi səndən götürdüm, get və övladını azad etmək üçün çalış”. Bəşir deyir: “Əgər bu cür etsəm, səndən ayrılacağam”. İmam (ə) ona beş qiymətli paltar verdi ki, hər birinin qiyməti min dinar idi. Buyurdu: “Onda bu paltarları səninlə bir yerdə gələn oğluna ver ki, o, öz qardaşını azad etmək üçün ondan istifadə etsin”.
2. İmam (ə) Aşura gecəsi öz tərəfdaşlarına xütbə oxudu və onları şəhadətdən agah etdi. Onlara İlahi savabı müjdələdi. Qasim ibni Həsən (ə), İmam Hüseynə (ə) buyurdu: “Mən də şəhid olacağam?”. İmam (ə) ona mehribanlıqla baxıb buyurdu: “Oğlum, ölüm sənin üçün necədir?”. Dedi: “Ey əmi! Ölüm mənim üçün baldan da şirindir”. İmam Hüseyn (ə) buyurdu: “Bəli, sən də şəhid olacaqsan. Həmçinin oğlum Abdullah da (südəmər Əli Əsğər) şəhid olacaqdır”. Qasim dedi: “Məgər düşmən xeymələrə də hücum edəcəkdir?”. İmam Hüseyn (ə) Abdullahın şəhadət macərasına işarə edir və Qasim tab gətirmir və nalə çəkib ağlayır. Sonra hamı ağlamağa başlayır.
3. İmam Hüseyn (ə) əmr verir ki, xeymələrin arxasında xəndək qazsınlar ki, hərəmi qorumaq mümkün olsun. Əmr edir ki, düşmən hücum edən zaman xəndəyin üzərində olan cubuqlara atəş vursunlar ki, düşmənin xeymələrlə əlaqəsi arxadan kəsilmiş olsun.
4. Aşura gecəsi İmam Hüseynin (ə) əmri ilə Əli Əkbər ağa (ə) 30 nəfərlə bir yerdə Fəratdan su gətirir. İmam (ə) öz tərəfdaşlarına buyurur: “Qalxın, qüsl alın və dəstəmaz alın ki, bu, sizin sonuncu azuqənizdir”.
5. İmam (ə) Aşura gecəsində etdiyi xütbədən sonra işıqları söndürməyi əmr edir və sonra buyurur ki, hər kim onunla vuruşmaq istəmirsə və hər kimin borcu varsa, geri qayıtsın.

baxılma sayı: 286