Allahı zikr etmək nə deməkdir?

«Zikr» ərəbcədən tərcümədə «yada salmaq» deməkdir. Allah-təala Quranda buyurur: «Məni yada salın ki, mən də sizi yada salım»(«Bəqərə»152).

Sözsüz ki, Allahı yada salmaq, təkcə dilə aid deyildir. Dil qəlbin tərcüməçisidir. Allahın zikri dedikdə, insanın Onu bütün varlığı ilə yada salması nəzərdə tutulur. Bu elə bir zikrdir ki, insanı günahdan uzaqlaşdırır, onu itaətə sövq edir.

Həzrət Peyğəmbər (s) buyurur:

«Bu ümmətdə üç işi tam yerinə yetirməyə qüvvə çatmır: var-dövlətdə din qardaşı ilə bərabərlik, ədalətli mühakimə ilə xalqın hüququna riayət, Allahın ardıcıl zikri. Zikr «sübhanallah», «əlhəmdu lillah», «la ilahə illəllah», «əllahu əkbər» deyil. Zikr odur ki, qarşıya haram iş çıxdıqda ,Allahı yada salıb, bu işdən uzaq olasan»

Amma unutmaq olmaz ki, öz misilsiz əzəmətinə baxmayaraq, Allah-təala «Məni yada salın ki, mən də sizi yada salım» buyurur. İnsanın bu məhdud və kiçik dünyada Allahı xatırlaması, onun hüdudsuz və əbədi axirət aləmində Allah tərəfindən xatırlanması ilə nəticələnir./ahlibeyt.az

baxılma sayı: 200