Cümə namazı vacibdirmi?

Müqəddəs Qurani-Kərimin "əl-Cümə" surəsinin 9-cu ayəsində Allah-Təala buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

"Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir".

 

Cümə namazı iki rükətli vacib namazdır və cümə günü zöhr namazının yerinə camaatla qılınır. İslam şəriətinə görə İmamın (ə) hazır olduğu dövrdə cümə namazı vacibi-eynidir. Yəni mükəlləf şəxsə vacibdir ki, cümə namazında iştirak etsin. Lakin İmamın (ə) qeybdə olduğu dövrdə cümə namazı vacib-təxyiridir. Yəni mükəlləf şəxs cümə yaxud zöhr namazını qılmaqda ixtiyar sahibidir. Hər hansı birini qılsa digəri öhdəsindən götürülər. Baxmayaraq ki, ehtiyat üzündən hər ikisini qılmağın da eybi yoxdur. Hətta bəzi fəqihlərin nəzərində yaxşıdır.

Həzrət Peyğəmbərin (s) Əhli-beytindən (ə) cümə namazı barədə kifayət qədər hədislər nəql olunub. Onlardan bir neçəsinə nəzər salaq:

İmam Məhəmməd Baqir (ə) buyurur: "Cümə namazı vacibdir. İmam (ə) hazır olduğu dövrdə onda iştirak etmək vacibdir. Kim üzrsüz olaraq 3 cüməni tərk etsə, 3 vacibatı tərk edib. Münafiqdən başqası da 3 vacibatı tərk etməz" ("Biharul-ənvar", c.89, s.153).

İmam Cəfər Sadiq (ə) buyurur: "Xütbəsiz cümə namazı olmaz. Onun iki rükət olması da iki xütbəyə görədir" ("əl-Kafi", c.3, s.419; "Vəsailüş-şiə", c.5, s.8).

İmam Baqir (ə) buyurur: "Cümə imamı birincisi rükudan əvvəl, ikincisi isə rükudan sonra olmaqla iki qunut tutar" ("Vəsailüş-şiə", c.4, s.603)./fetva.313news

baxılma sayı: 325