Möminin mömin öhdəsində olan haqları

Möminin mömin öhdəsində olan haqları:  Canı, malı, əli, ayağı və dili ilə ona yaxşılıq etsin

   Müəlla ibn Xənis deyir ki, bir gün həzrət imam Sadiqdən (ə) soruşdum: Möminin mömin öhdəsində hansı haqqı vardır? Buyurdu: “Möminin mömin öhdəsində yeddi vacib haqqı var ki, əgər o bunlardan birini yerinə yetirməsə, Allahın vilayətindən xaric olmuş və Allaha itaətdən boyun qaçırmış hesab edilir”. Dedim: Bu haqlar hansılardır? Buyurdu: “Mən səni çox istəyirəm, qorxuram bunlara əməl etməyəsən”. Dedim: La hövlə və la quvvətə illa billahil-əliyyil-əzim (Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur.) Buyurdu: “Möminin mömin öhdəsində olan ən kiçik haqları bunlardır:

 

1. Özü üçün hər nə istəyirsə, onun üçün də istəsin və hər nəyi özü üçün bəyənmirsə, onun üçün də bəyənməsin. 
2. Onun ehtiyaclarını ödəməkdən ötrü səy göstərsin, razılığını əldə etsin və sözündən çıxmasın. 
3. Canı, malı, əli, ayağı və dili ilə ona yaxşılıq etsin. 


4. Onun görən gözü, yolgöstərəni, aynası və eyiblərinin örtüyü olsun. 
5. Sən tox olmayasan, o isə ac, sən geyimli olmayasan, o isə çılpaq, sən sirab olmayasan, o isə susuz. 
6. Sənin qulluqçun varsa, onun yoxdursa, qulluqçunu göndər onun paltarını yusun, yeməyini bişirsin və yatağını düzəltsin. 


7. Ona and versə, gərək xahişini yerinə yetirsin, dəvətini qəbul etsin, xəstə olanda ona baş çəkməyə getsin, öldükdən sonra cənazəsini müşayiət etsin və dəfn mərasimində iştirak etsin, ehtiyacını həyata keçirməkdən ötrü özünü əziyyətə salsın, onun istəyini ağız açmamışdan yerinə yetirsin. (Bunlar yalnız o haldadır ki, o eynilə mömin qardaşı kimi həqiqi mömin olsun. Yoxsa, bunlar fəsadsız ötüşməz.) /nur-az

baxılma sayı: 303