Səcdənin əhəmiyyəti: “Namazında rüku və səcdə olmayan bir dində xeyir yoxdur.”

Səcdə – namazın mühüm hissələrindəndir. Həmçinin, namazda olan beş rükündən biridir. Bildiyiniz kimi, namazın hər rəkətində iki səcdə etmək vacibdir. Bu iki səcdəni bilərəkdən və ya səhv üzündən, yaxud yaddan çıxararaq tərk etmək namazı batil edər.


Tarixdə qeyd edilir ki, bir qövm Peyğəmbərin (s) yanına gələrək İslama daxil olmaq istəyini o həzrətə bildirirlər. Belə bir şərt də irəli sürürlər ki, namazda rüku və səcdəni yerinə yetirmək istəmirlər. Peyğəmbər (s) onların bu formada qəbul etmək istədiyi “islamı” inkar etmiş və demişdir: “Namazında rüku və səcdə olmayan bir dində xeyir yoxdur.”
Hədisdən göründüyü kimi, namazda olan səcdənin səhv, batil olması namazın batil olması deməkdir.


Səcdə məzhəblər arasında ixtilafa səbəb olan məsələlərdəndir. Aydın məsələdir ki, bu məzhəblərin “səcdə” barədə verdiyi rəylərdən yalnız biri düzdür, çünki Allahın nazil etdiyi hökm birdir.


Gəlin görək qeyd olunan bu ixtilaf nədən ibarətdir?
Bildirmək istərdik ki, səcdənin hansı qaydada yerinə yetirilməsi məsələsində fikir ayrılığı yoxdur. Bütün məzhəblər bədənin yeddi üzvünün – alın, əllərin içi, dizlər, ayağın baş barmağı – səcdə halında yerə qoyulmasını bildirmişlər. İxtilaf isə, “səcdə nəyin üzərinə edilməlidir?” – sualına cavab ətrafındadır. Hamını düşündürən də, elə məhz bu sualın düzgün cavabıdır: Görəsən, torpaq, çınqıl, daş, qaya və yer üzərindəki bitkilər (yeyilməyən və geyilməyən) üzərinə səcdə edilsə düzgün sayılar, yoxsa xalça, paltar, yun, kətan, neylon və bu kimi digər xam mallardan hazırlanmış şeylər üzərinə səcdə etmək daha münasibdir?


Biz bu sualı Quran və Peyğəmbərin (s) qoyduğu qayda-qanunu rəhbər tutaraq, cavablandırmağa çalışaq. Qeyd etmək lazımdır ki, Qurani-kərimdə səcdə məsələsinə açıq-aşkar şəkildə toxunulmayıb. Ona görə də, bu məsələ haqda Peyğəmbər (s) hədislərinə müraciət etməyimiz gərəkli və önəmlidir.
Səcdə nəyin üzərinə etmək barədə nəql olunan Peyğəmbər (s) hədisləri olduqca çoxdur. Biz bu hədislərdən bəzisini burada qeyd edəcək və onların qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq. Peyğəmbər (s) buyurub: “Yer mənim üçün səcdəgah və pak qərar verildi.” (“Səhih Buxari”, c.1, səh. 91; "Səhih Müslim", c.1, səh. 371; “Səhih Tirmizi”, c.2, səh. 131; “Səhih Nisai”, c.1, səh. 210)

Bu hədisi bir çox alimlər, hədis hafizləri öz mötəbər kitablarında qeyd etmiş və onun “mütəvatir hədis” olduğunu bildirmişlər. Ona görə də, həmin hədisin düzgün və hamı tərəfindən qəbul olunmasında heç bir şəkk-şübhə yoxdur.
Hədisin qısa şərhi belədir: Allah-taala yeri Peyğəmbər (s), səhabələr və onun yolu ilə gedən hər bir kəs üçün qiyamətədək “məscid” qərar vermişdir. “Məscid” ərəb sözü olub səcdə edilən yerə, məkana deyilir.


Hədisdən göründüyü kimi, səcdə yalnız yer üzərinə edilməlidir. Digər tərəfdən də, başa düşülür ki, İslam şəriətinə görə toxunma şeylər üzərinə səcdə düzgün deyil. Çünki bu cür şeylər “yer” adlanmır. Deməli, “yer” adlanmayan əşyalar üzərinə edilən səcdəyə İslam şəriəti icazə vermir. Adi bir misal: Әgər bir nəfərdən soruşsalar ki, xalça və ya parça “yer” hesab olunurmu? Sözsüz ki, bu şəxsin verdiyi cavab “yox” olacaqdır. Başqa sözlə desək, bir şəxsin xalça və ya parça üzərinə etdiyi səcdəyə heç bir vəchlə demək olmaz ki, bu şəxs “yer” üzərinə səcdə edir.


Qayıdaq yuxarıda qeyd etdiyimiz hədisə. Burada deyilir ki, yer mənim üçün məscid qərar verildi. Hədisin zahirindən görünür ki, səcdə üçün nəzərdə tutulan məhz yerin özüdür, yer üzərinə döşənən əşyalar deyil. Həmçinin, lüğətə baxsaq görərik ki, “yer” kəlməsinə yalnız torpaq, daş, çınqıl və bu qəbildən olan digər əşyalar aiddir. 

Bir sözlə, Peyğəmbər (s) hədisində bizə əmr olunur ki, səcdə “yer” üzərinə olmalıdır və “yer” məfhumunu özündə ehtiva etməyən digər əşyalar üzərinə səcdə düzgün hesab edilmir./nur-az.

baxılma sayı: 299