Həqiqi imanın səmərəsi Peyğəmbərin (s) kəlamında.

Həqiqi imanın səmərəsi Peyğəmbərin (s) kəlamında: Biz çətinliklər və dərdlərə o qədər alışqan olmuşuq ki, həmin o az ləzzətlə, - özü də dərdlə qarışıq – qane oluruq. 

   Həzrət Peyğəmbər (s) buyurur: - “Ey Əbuzər! Camaatı öz dinlərində əbləh, dünyalarında aqil görməyincə imanın həqiqətinə çatmayacaqsan.”


  Ey Əbuzər, bir vaxt imanın həqiqətini dərk etsən, əgər görsən camaat öz dünyalarında qabağa gedirlər, bil ki, onlar öz dünyaları ilə münasibətdə aqil və şüurludurlar, axirətlərinə nisbətdə amma nadan və axmaqdırlar. (Peyğəmbərin (s) buyuruğunda “kulləhum” təbiri işlədilmişdir, yəni bütün camaat belədir. Çünki, öz axirətləri üçün aqil olanlar çox azdır. Bunun üçün də öz axirətləri ilə əlaqədə axmaq olan ümumi camaatın müqabilində saya gələcək qədər deyillər.) 

    Aqil o adamdır ki, yaxşı və daha yaxşı, faydalı və daha faydalı olan iki əmr arasında seçim aparsa, daha faydalı olanı seçir. Əgər biz dünyanı axirət ilə müqayisə etsək görəcəyik ki, axirət dünyadan dəfələrlə faydalıdır. Çünki həm müddət baxımından sonsuzdur – insanın dünyəvi ömrü 70-80 il arasındadır və ya 100 ildən çox qırağa çıxmır; hətta əgər fərz etsək min ilə gedib çıxır, yenə də axirətin sonsuz həyatı qarşısında bir ədəd deyil – və həm də keyfiyyət baxımından: dünyəvi ləzzətlər ağır zəhmət hesabına əldə edilir və əlavə olaraq dərdlər və çətinliklərlə qarışıq olur. Biz çətinliklər və dərdlərə o qədər alışqan olmuşuq ki, həmin o az ləzzətlə, - özü də dərdlə qarışıq – qane oluruq. Yeməkdən ləzzət ala bilməyimiz üçün nə qədər zəhmət çəkməliyik: pul əldə etməliyik, həmin pula lazım olan şeyləri almalıyıq, bunlar bir tərəfə, yeməyi çeynəməyimiz üçün də çənəmizi işə salıb yormalıyıq. Bütün bunlar bir loğma çörəyin boğazımızdan aşağı getməsi üçündür ki, bu zaman bir az ləzzət alaq. Bu hələ harasıdır! Yemək aşağı enəndən sonra da yeni bir proses başlayır. Amma axirət ləzzətində heç bir dərd, zəhmət yoxdur. Nə onun hazırlanmasında insan zəhmət çəkir, nə də sərf olunmasında. Orada yorğunluq da olmaz: “Elə bir Rəbb ki, öz lütfü və kərəmi ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır!”(Fatir, 35)

 

Axirət həm keyfiyyət cəhətindən də dünyadan üstündür, həm də kəmiyyət: “ Halbuki axirət daha xeyirli və daha baqidir.” (Əl-Əla, 17)

    Axirətin təsəvvür olunmaz dərəcədə dünyadan üstünlüyünü nəzərdə tutanda, o ikisi ilə müqayisədə aqil insan hansını seçər? Məlum məsələdir ki, ağıl axirəti seçər. Amma camaat arasında belə müqayisəni aparıb ona əməl edən adam çox azdır. Çünki camaatın əksəriyyəti imanın həqiqətinə çatmayıbdır. Amma imanın həqiqətinə çatmış adamlar axirəti dünyadan üstün tutmaqdan əlavə bilirlər ki, camaat dünyalarına nisbətlərində aqil, axirətlərinə nisbətdə cahildirlər. Dünya işləri ilə bağlı məsələlərdə yaxşını pisdən ayıra bilirlər və öz maddi mənafelərinə çox yaxşı vaqifdirlər, amma axirətdən xəbərləri yoxdur. Axirətin olduğuna və dünyadan üstün olmasına inana bilmirlər. 

 

   Bəlkə də Peyğəmbərin (s) sözünün sirri budur ki, mömin əksər insanların dində cahil olduqlarını başa düşəndə, artıq həyatda onların arxasınca getmək istəmir və öz yolunu onlardan ayırır. Səy edir axirətlə bağlı işlərdə başqalarının buraxdığı səhvlərdən ibrət götürsün və həqiqi yolda addımlasın. Başqa bir cəhətdən də dünya ilə bağlı işlərdə aqillərin təcrübəsindən faydalanır. Əlbəttə, dini qayda-qanunları gözləməklə./nur-az.

 

baxılma sayı: 257